ORDU
Daxili Qoşunlarla Türkiyənin Jandarm Qüvvələri arasında əməkdaşlıq yüksək səviyyədədir
Bakı, 27 may, AZƏRTAC
Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini - Daxili Qoşunların (DQ) Komandanı general-leytenant Şahin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasında səfərdə olub.
Daxili Qoşunların mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfərin birinci günü nümayəndə heyəti Türkiyə Respublikası Jandarm Qüvvələrinin Baş Komandanı, ordu generalı Arif Çetin ilə görüşüb.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə ordu generalı A.Çetin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları ilə Türkiyə Respublikası Jandarm Qüvvələri arasında işgüzar əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. O, Daxili Qoşunların daha da təkmilləşdirilməsi üçün daim lazımi dəstək göstərməyə hazır olduqlarını vurğulayıb.
General-leytenant Ş.Məmmədov səmimi və qonaqpərvər görüş üçün təşəkkürünü bildirərək, Türkiyə Respublikasına səfərindən məmnunluğunu ifadə edib.
Həmin gün nümayəndə heyəti Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər, Daxili İşlər nazirinin müavini Muhterem İnce, Jandarm və Sahil Təhlükəsizlik Akademiyasının rəisi, general-leytenant Hüseyn Kurtoğlu ilə görüşüb, Jandarm Baş Komandanlığında Əməliyyatların İdarəedilməsi Mərkəzi ilə tanış olub.
Səfər çərçivəsində Jandarm Özəl Asayiş Komandanlığında nümayəndə heyətinə ictimai asayişin qrup şəklində pozulması, kütləvi iğtişaşların qarşısının alınması və silahlı cinayətkar dəstələrin zərərsizləşdirilməsi üzrə göstərici məşğələlər nümayiş etdirilib. Bununla yanaşı, nümayəndə heyəti Türkiyə Jandarm Qüvvələrində təlim-tədrisin təşkili və bütün növ maddi-texniki təminat məsələləri ilə də yaxından tanış olub.