CƏMİYYƏT


Daxili işlər nazirinin başçılıq etdiyi nümayəndə heyəti İsraildə səmərəli görüşlər keçirib

Bakı, 20 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubovun başçılıq etdiyi nümayəndə heyəti İsrail Dövlətində səfərdə olub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iki gün davam edən səfər çərçivəsində Ramil Usubov və onu müşayiət edən şəxslər Təl-Əviv şəhərindəki İsrail Antiterror Mərkəzinin fəaliyyəti ilə tanışlıqdan sonra bu ölkənin Müdafiə Nazirliyinin tabeliyindəki sənaye müəssisələrində də olublar. Burada istehsal edilən müasir texnoloji vasitələrin və məhsulların cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunması sahələrində tətbiqinə dair qonaqlara məlumat verilib.

General-polkovnik Ramil Usubovun başçılıq etdiyi nümayəndə heyəti daha sonra daxili təhlükəsizlik naziri Gilad Erdan və müdafiə naziri Aviqdor Liberman ilə görüşüb.

Qonaqpərvərliyə və səfərin yüksək səviyyədə təşkilinə görə hər iki nazirə təşəkkürünü bildirən Ramil Usubov xalqlarımız arasında əlaqələrin qədim tarixə malik olduğunu, dünyada multikultural dəyərlərin hökm sürdüyü ölkə kimi tanınan respublikamızda müxtəlif millətlərin, o cümlədən yəhudilərin əsrlər boyu tolerant mühitdə, dostluq və mehribanlıq şəraitində yaşadıqlarını bildirib. Nazir ikitərəfli münasibətlərin qurulmasında ümummilli lider Heydər Əliyevin önəmli rolunu vurğulayaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsrail Dövləti rəhbərliyinin siyasi iradəsi nəticəsində bu əməkdaşlığın strateji tərəfdaşlığadək inkişaf etdiyini diqqətə çatdırıb.

Görüşlərdə regional təhlükəsizlik, beynəlxalq terrorizm və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə məsələləri ətraflı müzakirə edilib, iki ölkənin hüquq mühafizə orqanları arasında əməkdaşlığa dair beynəlxalq hüquqi sənədlərin qəbul olunmasının zəruriliyi qeyd olunub. Hazırda “Azərbaycan Respublikasının və İsrail Dövlətinin hökumətləri arasında daxili və ictimai təhlükəsizlik məsələlərində əməkdaşlıq haqqında Saziş” layihəsinin razılaşdırılması istiqamətində səylərin davam etdirildiyi vurğulanıb.

Xalqlarımızın və ikitərəfli əməkdaşlığın tarixi və perspektivləri barədə xoş sözlərinə görə R.Usubova təşəkkürlərini bildirən G.Erdan və A.Liberman bir neçə gün əvvəl Azərbaycanda qeyd olunmuş Milli Qurtuluş Günü və Ramazan bayramı münasibətilə nümayəndə heyətini təbrik ediblər.

Onlar son illər ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurlardan, beynəlxalq nüfuzunun artmasından, eyni zamanda, ictimai asayişin, sabitliyin yüksək səviyyədə qorunmasından, azərbaycanlılarla bərabər əcnəbilərin, o cümlədən İsrail vətəndaşlarının da təhlükəsizliyinin təmini istiqamətində daxili işlər orqanları əməkdaşlarının böyük əmək sərf etdiklərindən məmnunluqlarını bildiriblər. Həmçinin bu səfərin iki dövlətin müvafiq strukturları arasında əməkdaşlığın daha da dərinləşməsinə xidmət edəcəyinə əminlik ifadə olunub.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.