CƏMİYYƏT
Daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli tədbirləri davam etdirir
Bakı, 16 avqust, AZƏRTAC
Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş rayon sakini 48 yaşlı Elvin Abdullayev saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ona məxsus həyətyanı sahəyə baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilmiş 166 ədəd çətənə kolu, 2 kisədə qurudulmuş marixuana, yaşadığı evdən isə 23 ədəd kibrit qutusunda çətənə bitkisinin toxumları aşkarlanaraq götürülüb.
Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub. Faktla bağlı araşdırma aparılır.