CƏMİYYƏT
Daxili işlər orqanları ötən iki gündə 47 cinayətin üstünü “isti izlər”lə açıblar
Bakı, 25 fevral, AZƏRTAC
Respublikanın daxili işlər orqanları tərəfindən ötən iki gündə 47 cinayətin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 21 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 23 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarılan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatla bağlı üç fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.