CƏMİYYƏT
Daxili işlər orqanlarının əməkdaşları Balakən rayonunda xüsusi əməliyyat-axtarış tədbirləri keçiriblər VİDEO
Bakı, 2 aprel, AZƏRTAC
Respublikanın daxili işlər orqanları mütəşəkkil dəstələr tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı Balakən rayonunda xüsusi əməliyyat-axtarış tədbirləri həyata keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin xüsusi təyinatlı polis qüvvələri də cəlb edilməklə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən külli miqdarda narkotik vasitələrin ölkəmizə gətirilməsi, alqı-satqısı və narkotərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 9 nəfərdən ibarət cinayətkar dəstənin üzvləri saxlanılıb. Balakən sakinləri olan həmin şəxslərin ikisi əvvəllər də Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum edilib.
Onların üzərinə və yaşadıqları mənzillərə baxış zamanı 2 avtomat, 1 “TOZ-8” tüfəngi, 2 tapança, 1 qaz tapançası, alışqanları ilə birlikdə 8 əl qumbarası, müxtəlif çaplı 70-ə yaxın patron və digər silah-sursat, eyni zamanda, 9,2 kiloqram marixuana və aqrotexniki qaydada qulluq edilməklə yetişdirilmiş 1800 çətənə kolu götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Saxlanılan şəxslərin digər hüquqazidd əməllərdə iştiraklarının müəyyənləşdirilməsi və başqa cinayətkar əlaqələrinin ifşası üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir