SİYASƏT
Dayanıqlı İnkişaf Məqsədləri üçün rəqəmsal transformasiyaya keçid VİDEO
Bakı, 25 iyun, AZƏRTAC
BMT-nin Dövlət Xidmətləri Forumu çərçivəsində “Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üçün rəqəmsal transformasiyaya keçid” mövzusunda paralel seminarda Dayanıqlı İnkişaf Məqsədlərinin və hədəflərinin tətbiqinin dəstəklənməsi üçün rəqəmsal hökumətin və qabaqcıl texnologiyaların necə istifadə ediləcəyi məsələsi nəzərdən keçirilib.
AZƏRTAC xəbər verir ki, seminarın əsas məqsədləri rəqəmsal hökumət sahəsində mövcud qlobal və regional tendensiyaların, o cümlədən dövlət sektorunda yeni texnologiyaların tətbiqinin DİM-ə nail olunmasında yardımçı, artan və sürətləndirici rolu ilə bağlı problemləri və imkanları təhlil etmək olub.
Seminarda çıxış edən Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) direktoru Fariz Cəfərov bildirib ki, cari ilin 1 iyun tarixindən “myGov” portalı fəaliyyətə başlayıb: “myGov” “mənim hökumətim” deməkdir. Yəni, hökumət bütün xidmətləri vətəndaşa bir pəncərədən təqdim edir, əlçatanlılıq təmin olunur. Vətəndaş heç yerə getmədən xidmətdən yararlana bilir. “myGov” portalının məqsədi reaktiv elektron hökumətdən proaktiv elektron hökumətə keçidi təmin etmək, təqdim edilən elektron xidmətlər vasitəsilə vətəndaşların işlərini asanlaşdırmaq, şəffaflıq və operativliyi təmin etməkdən ibarətdir".
EHİM-in direktoru qeyd edib ki, “qabaqlayıcı hökumət” konsepsiyası əsasında hazırlanmış portal şəxsi kabinet əsaslı olacaq və vətəndaşlara proaktiv xidmətlər göstərəcək: “Burada məqsəd vətəndaşların elektron xidmətlərin mövcudluğu barədə məlumatlandırılmasına nail olmaqdır. Bununla əlaqədar olaraq “ASAN xidmət”in rəqəmsal versiyasının formalaşması istiqamətində işlər gedir. Vətəndaşlar istəsələr “ASAN xidmət”ə gəlib xidmətlərdən yararlana bilərlər. Həmçinin alternativ rəqəmsal platforma üzərindən həftənin 7 günü 24 saat ərzində xidmətlərdən istifadə edə bilsinlər".
Seminarda digər çıxış edənlər öz ölkələrində rəqəmsal transformasiyaya keçid sahəsində görülən işlərdən danışıblar.