İQTİSADİYYAT


Dayanıqlı İnkişaf Məqsədləri üzrə gənc səfirlərlə görüş keçirilib

Bakı, 15 oktyabr, AZƏRTAC

İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə seçilmiş gənc səfirlərlə görüşüb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nazir müavini 2016-2030-cu illəri əhatə edən DİM təşəbbüsünə qoşulan Azərbaycanda bu istiqamətdə həyata keçirilən tədbirlərdə gənclərin fəal iştirakını qeyd edib. Diqqətə çatdırıb ki, bu təşəbbüs üzrə seçilmiş gənc səfirlərin fəaliyyətinin əsas məqsədi DİM-lərə nail olunmasında gənclərin fəal iştirakının təşviqi, bu istiqamətdə dövlət qurumlarının dəstəklənməsidir.

S.Həsənova Azərbaycanda DİM-lərə nail olunması istiqamətində görülən işlər, dövlət başçısının müvafiq Fərmanı ilə yaradılmış Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının fəaliyyəti, Azərbaycan tərəfindən BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna təqdim olunan iki Könüllü Milli Hesabat barədə məlumat verib, gəncləri bu hesabatların hazırlanmasında fəal iştiraka dəvət edib.

Gənclər və İdman Nazirliyinin şöbə müdiri İndira Hacıyeva DİM-lər üzrə gənc səfirlər təşəbbüsünün “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakının dəstəklənməsi üçün yeni platformaların yaradılması” layihəsi əsasında reallaşdırıldığını bildirib, layihə çərçivəsində həyata keçirilən tədbirləri diqqətə çatdırıb. O, gənc səfirlərin könüllü əsaslarla fəaliyyət göstərdiyini qeyd edərək bu təşəbbüsün Azərbaycanda könüllülük fəaliyyətinin genişləndirilməsi və beynəlxalq təcrübəyə uyğunlaşdırılması prosesində əhəmiyyətini vurğulayıb.

Görüşdə gənc səfirlərin Dayanıqlı İnkişaf Məqsədləri üzrə layihə və təklifləri dinlənilib. Sonda gənc səfirlərin fəaliyyətinin Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Katibliyi ilə daha sıx əlaqələndirilməsi, gənc səfirlərin apardığı işlərin regionlar üzrə həyata keçirilməsi məqsədəuyğun hesab olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.