CƏMİYYƏT
Dayanıqlı İnkişaf Məqsədləri: yoxsulluğa qarşı mübarizə hamını əhatə etməyib
Bakı, 10 iyul, AZƏRTAC
Beynəlxalq birlik uşaqlar arasında ölüm hallarının və yoxsulluğun miqyasının azalmasında nəzərəçarpacaq tərəqqiyə nail olub. Hazırda dünya əhalisinin yalnız 8,6 faizi ifrat yoxsulluq içində yaşayır. Lakin hələlik zəmanət yoxdur ki, dövlətlər dayanıqlı inkişafın irəlilədilməsi və bu yolda əsas maneələrin – münaqişələrin, təbii fəlakətlərinin nəticələrinin və iqtisadi sarsıntıların aradan qaldırılması üzrə öz vədlərini yerinə yetirə biləcəklər. AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreşin 2030-cu ilədək dövrdə Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşdırılmasının icmalına həsr olunmuş məruzəsində danışılır.
Məruzədə deyilir: “Biz bəşəriyyətin həm indiki, həm də gələcək nəsilləri, habelə planetimizdə bütün həyat üçün həlledici əhəmiyyət daşıyan onilliyin astanasındayıq. Bu onilliyi dayanıqlı inkişaf naminə fəaliyyət onilliyi etmək beynəlxalq birliyin borcudur və o, bunu etməyə qadirdir”. Məruzə müzakirə edilməsi üçün İqtisadi və Sosial Şuranın himayəsi altında çağırılan dayanıqlı inkişaf məsələlərinə həsr olunmuş yüksək səviyyəli Siyasi Foruma təqdim edilib.
Dünya liderləri dörd il əvvəl BMT-də toplaşaraq 2030-cu ilə qədər dövrdə dayanıqlı inkişaf sahəsində gündəlik qəbul ediblər. Gündəlikdə 17 Məqsəd və 169-dan çox konkret vəzifə müəyyən olunub. Bu məqsəd və vəzifələr yoxsulluğun aradan qaldırılması, sağlamlığın mühafizəsi, gender bərabərliyinin təmin edilməsi, iqlim dəyişmələrinə qarşı mübarizə, iqtisadi artımın stimullaşdırılması və iş yerlərinin yaradılması, müasir enerji mənbələrindən istifadə imkanlarının yaxşılaşdırılması, su təchizatı və sanitariya sahəsində xidmətlərin genişləndirilməsi və ətraf mühitin mühafizəsi sahələrinə aiddir.
Məruzədə deyilir: “Dayanıqlı inkişaf sahəsində məqsədlərin yerinə yetirilməsində müəyyən tərəqqi əldə olunub. İfrat yoxsulluq və uşaqlar arasında ölüm halları azalmaqdadır. İnkişaf etməkdə olan ölkələrdə elektrik enerjisindən istifadə edən sakinlərin sayı artıb”.
BMT-nin başçısı bildirib ki, qlobal miqyasda əmək məhsuldarlığı artıb, işsizliyin səviyyəsi isə böhrandan əvvəlki səviyyəyə qayıdıb. Gecəqondularda yaşayan şəhər sakinlərinin sayı azalır. İnternet istifadəçilərin sayı artıb: 2018-ci ilin sonu üçün dünya əhalisinin yarısından çoxu - 3,9 milyard insan internetdən istifadə edir.
Lakin müsbət meyillərə baxmayaraq, bütün planet sakinlərinin rifahının yaxşılaşdırılmasına gətirib çıxaracaq dayanıqlı inkişaf trayektoriyasına keçid yavaşıyır. Müvəffəqiyyət hamını əhatə etməyib. BMT ekspertləri ehtiyat edirlər ki, Məqsədlərdə təsbit edildiyi kimi, 2030-cu ilə qədər əhalinin üç faizi deyil, altı faizi ifrat yoxsulluq içində yaşayacaq. Yeri gəlmişkən, dalbadal üçüncü ildir ki, dünyada aclıq çəkənlərin sayı artır.
Bioloji müxtəliflik qorxuducu sürətlə itirilir: təqribən bir milyona yaxın heyvan və bitki növünün nəsli və kökü kəsilmək üzrədir. Özü də onların bəziləri yaxın onilliklər ərzində yoxa çıxa bilər. Son illər parnik qazları tullantılarının həcmi artır və dayanıqlı inkişafın maliyyələşdirilməsi məsələləri yetərincə səmərəli həll olunmur. Əlillər və İİÇV/QİÇS-dən əziyyət çəkənlər əvvəlki kimi ayrı-seçkilik və çoxsaylı çətinliklərlə üzləşirlər. Əhalinin ən yoxsul təbəqələri arasında xüsusilə uşaqlı ailələr çoxdur.
BMT-nin başçısı hesab edir ki, münaqişələr, təbii fəlakətlər və iqtisadi dinamika dayanıqlı inkişaf sahəsində Məqsədlərin əldə olunmasını çətinləşdirir. Ekspertlərin proqnozlarına görə, yaxın illərdə dünyanın iqtisadi inkişafı yavaşıyacaq və qeyri-bərabər olacaq. Ticari münasibətlərdə təhlükəli gərginlik və xarici borcun qəbuledilməz dərəcədə yüksək səviyyəyə çatması meyli saxlanılacaq. BMT-nin Baş katibi ehtiyat edir ki, bəzi ölkələrin liderlərinin proteksionist yanaşmaları inkişafın sürətinə, yoxsulluğun miqyasının azaldılmasına və iqtisadiyyatın şaxələndirilməsinə mənfi təsir göstərəcək.