SİYASƏT


Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün gender əsaslı dövlət xidmətlərinin təşviqi VİDEO

Bakı, 24 iyun, AZƏRTAC

İyunun 24-də BMT-nin Dövlət Xidmətləri Forumu çərçivəsində “Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün gender əsaslı dövlət xidmətlərinin təşviqi” mövzusunda seminar keçirilib.

AZƏRTAC xəbər verir ki, seminarın əsas məqsədi siyasətçilərin və təcrübəçilərin məlumat mübadiləsinin və potensialının gücləndirilməsinə kömək etmək, dövlət xidmətlərinin gender həssaslığını artırmaq üçün innovativ təcrübələr əsasında sahələrarası və ölkələrarası biliyi əhatə etmək, xidmətlərin bütün qadın və qızlara, xüsusən də müxtəlif ayrı-seçkilik formalarına məruz qalanlara çatmasının necə təmin oluna biləcəyini müzakirə etmək olub.

Seminarda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, Azərbaycanda həmişə qadın hüquqlarının müdafiəsi xüsusi əhəmiyyət kəsb edib. Hələ 100 il bundan əvvəl Azərbaycan qadınına seçib-seçilmək hüququ verilib. Bir çox Avropa ölkələrinin ötən əsrin 40-cı illərində qadınlara belə hüquq verməsini xatırladan Hicran Hüseynova dövlətimizin dəstəyi və komitənin təşəbbüsü ilə gender bərabərliyinin təmin edilməsi üçün ölkədə görülən tədbirlər barədə danışıb.

Komitə sədri bildirib ki, bu gün Azərbaycanda hər bir qanun gender ekspertizasından keçirilir. Ölkəmizdə güclü qanunvericilik bazası mövcuddur. Eyni zamanda, problemlər də var. Problemlər əsasən qadın və uşaqların bu qanunlardan hansı formada istifadə edə biləcəyi ilə bağlıdır.

BMT-nin Qadınlar Təşkilatının Avropa və Mərkəzi Asiya regionu üzrə direktoru Alia El Yassir deyib ki, son illər dünyada uşaqların sayının artması ilə əlaqədar bir çox məktəblər açılıb. Bununla belə, bütün dünyada gender boşluğu 12,5 faiz artıb. Qızlar var ki, təhsil ala bilmir. Bütün bunların hamısı yoxsulluqla bağlıdır. İnkişaf getməyən yerlərdə buna qızlar məruz qalır. Hətta xidmətlər olduğu halda maliyyə məsələləri qadınların işini çətinləşdirir. “Çalışırıq ki, cəmiyyətin bütün təbəqələrində qadınlara dəstək olaq. Biz çalışırıq ki, büdcələr də nəzərə alınsın”, - deyə o əlavə edib.

Seminarda çıxış edən Serbiyanın, Albaniyanın və digər ölkələrin nümayəndələri gender balansının qorunması, qadınların ictimai həyatda fəallığının artırılması istiqamətində gördükləri işlərdən danışıblar.

Seminar çərçivəsində “Dövlət qurumlarının gender əsaslı dövlət xidmətləri, rolları və məsuliyyətləri üçün əsas çərçivələr”, “Gender əsaslı dövlət xidmətlərinin göstərilməsində innovativ təcrübələr” və digər mövzularda sessiyalar keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.