İQTİSADİYYAT
Dayanıqlı İnkişafa dair Bakı konfransı keçiriləcək
Bakı, 24 oktyabr, AZƏRTAC
Oktyabrın 25-26-da Bakıda keçiriləcək VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində "Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində regional tərəfdaşlığın gücləndirilməsi" mövzusunda tədbir təşkil olunacaq.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) dair təqdimatlar keçiriləcək, təşkil olunacaq 5 sessiyada davamlı, inklüziv və dayanıqlı iqtisadi artıma, səmərəli məşğulluğa və layiqli əmək şəraitinə, DİM-in həyata keçirilməsində maraqlı tərəflərin roluna, 2030-cu ilədək DİM-in icrasına, bu sahədə BMT-nin missiyasına və əməkdaşlığın gücləndirilməsinə, 2019-cu ildə BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunda müzakirə ediləcək məsələlərə dair fikir mübadiləsi aparılacaq.
Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının, İqtisadiyyat Nazirliyinin və Birləşmiş Millətlər Təşkilatının ölkə üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçiriləcək tədbirdə Avropa və MDB ölkələrinin yüksək vəzifəli nümayəndələri, ombudsmanlar, BMT-nin, beynəlxalq maliyyə institutlarının, vətəndaş cəmiyyəti və özəl sektorun təmsilçilərinin iştirakı nəzərdə tutulur.