ELM VƏ TƏHSİL
Dayanıqlı inkişaf dünya ictimaiyyətinin ən çox diqqət yetirdiyi məsələlərdəndir
Bakı, 3 may, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən “Dayanıqlı inkişaf və təhsil” mövzusunda seminar keçirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, seminarda ADPU-nun rəhbərliyi, Rusiya Dayanıqlı və Qlobal İnkişaf İnstitutunun direktoru, Rusiya Təbiətşünaslıq Akademiyasının və Rusiya Ekologiya Akademiyasının həqiqi üzvü, professor Nizami Məmmədov iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov seminarın çox aktual mövzuya həsr olunduğunu bildirib. Qeyd edib ki, seminarın keçirilməsinin məqsədi bu sahədə qabaqcıl dünya təcrübəsinin öyrənilib tətbiq edilməsidir. Müasir dövrümüzdə ətraf mühitin və ekologiyanın mühafizəsi, insanın həyat səviyyəsinin yüksəldilməsi, yaxşı təhsil, sosial ədalət, demokratiya, bəşəri sərmayənin, elm və texnologiyaların inkişafının davamlılığının təmin edilməsi, təhsilə sərmayə qoyulması böyük əhəmiyyət daşıyır. Dayanıqlı inkişaf məhz bu vacib məqsədlərin həyata keçirilməsinə xidmət edir. Bu isə sistemli, koordinasiya və inteqrasiya olunmuş fəaliyyət yolu ilə kompleks tədbirlərin gerçəkləşməsini vacib vəzifə kimi qarşıya qoyur. Hazırda dayanıqlı inkişaf dünya ictimaiyyətinin ən çox diqqət yetirdiyi məsələlərdən biridir. Bu prosesdə dövlət, qeyri-hökumət təşkilatlarının, ictimai birliklərin, kommersiya strukturlarının, eləcə də təhsil müəssisələrinin üzərinə böyük vəzifələr düşür. Rektor belə seminarların daha geniş miqyasda keçirilməsinin vacibliyini vurğulayıb.
ADPU-nun tarix və coğrafiya fakültəsinin dekanı, dosent Şahin Pənahov “Dayanıqlı inkişaf: qlobal və milli aspektlər”, professor Nizami Məmmədov slayd vasitəsilə “Dayanıqlı inkişaf mədəniyyətinin formalaşdırılması dayanıqlı inkişafa keçid kimi” mövzularında məruzələrlə çıxış ediblər.
Seminarda professorlar Əzizxan Tanrıverdi, İramin İsayev və başqaları mövzu ilə bağlı fikirlər səsləndiriblər.