CƏMİYYƏT
Dayanıqlı kənd təsərrüfatı üçün zərərvericilərə nəzarət üzrə texniki vebinar keçirilib
Bakı, 27 fevral, AZƏRTAC
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən həyata keçirilən “Mərkəzi Asiya ölkələrində və Türkiyədə pestisidlərin dövriyyəsinin idarə edilməsi və üzvi çirkləndiricilərə (DÜÇ) aid edilən pestisidlərin zərərsizləşdirilməsi GCP/SEC/011/GFF” layihəsi çərçivəsində vebinar keçirilib.
“Dayanıqlı kənd təsərrüfatı üçün zərərvericilərə nəzarət üzrə texniki vebinar”da iştirak edən Qida Təhlükəsizliyi Agentliyi sədrinin müşaviri Camal Quliyev ölkəmizdə zərərli orqanizmlərə nəzarət sistemi barədə iştirakçıları məlumatlandırıb və onları maraqlandıran sualları cavablandırıb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, vebinar zamanı zərərli orqanizmlərə qarşı mübarizə vasitələri, bu sahədə yeni yanaşma və metodlar, müşahidə sistemlərində texnikalar, universitet, qurum və fermerlərin bir-biri ilə əlaqələri barədə qarşılıqlı müzakirələr və fikir mübadiləsi aparılıb.
Vebinarda Türkiyə Respublikası, Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrində mövcud sistemlər barədə iştirakçılara məlumat verilib.