İQTİSADİYYAT
Dayanma-durma qaydalarına tələb etməyən sürücülərə qarşı tədbirlər görüləcək
Bakı, 28 iyul, Elvin Camalov, AZƏRTAC
Vətəndaşa xidmət Bakı Nəqliyyat Agentliyinin fəaliyyətində önəm verdiyi ən mühüm məqamlardandır. Bakı şəhərinin inzibati ərazisində dayanma-durma qaydalarına əməl etməyən sürücülərə qarşı inzibati tədbirlərin görülməsi ilə bağlı səlahiyyətlərin icrası zamanı da bu məqam əsas götürüləcək.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, səlahiyyətlərin icrasına başlamazdan əvvəl zəruri olan prosedurlar icra edilir. Məqsəd ilk başdan sürücüləri dayanma-durma qaydalarına əməl etmədikləri üçün inzibati məsuliyyətə cəlb etmək deyil. Əvvəlcə mütləq şəkildə geniş maarifləndirmə işləri aparılmalıdır ki, artıq bu istiqamətdə də müəyyən layihələr həyata keçirilir. Maarifləndirmə işi düzgün qurulmaqla, eləcə də sürücüləri vaxtında məlumatlandırmaqla onları yol hərəkəti qaydalarına əməl etməyə sövq etmək mümkün olacaq.
Qeyd edilib ki, bu işdə ictimaiyyətin də dəstəyinə ehtiyac yaranacaq. Məhz ictimaiyyətin dəstəyi və ictimai qınaq sayəsində nəqliyyat sistemində mövcud olan bir çox problemlərin həllinə nail olunub.
Bakı Nəqliyyat Agentliyi, eyni zamanda bütün sürücülərə müraciət edərək onları dayanma-durma qaydalarına əməl etməyə və bir-birilərinə qarşı anlayışlı olmağa səsləyir.