ELM VƏ TƏHSİL


“Dədə Qorqud” eposunun yeni tapılmış əlyazmasına həsr edilən kitab çapdan çıxıb

Bakı, 18 noyabr, AZƏRTAC

Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, professor Seyfəddin Rzasoyun “Kitabi-Türkman lisani” oğuznaməsinin transmediativ strukturu və ritual-mifoloji semantikası” adlı yeni kitabı işıq üzü görüb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, nəşr “Kitabi-Dədə Qorqud” eposunun yeni tapılmış əlyazması olan “Kitabi-Türkman lisani” oğuznaməsinin aktual problemlərinə həsr edilib. Kitabın redaktoru və “Ön söz”ün müəllifi filologiya üzrə fəlsəfə doktoru Qalib Sayılov, rəyçiləri isə filologiya üzrə fəlsəfə doktorları Səfa Qarayev və Hikmət Quliyevdir.

Kitabda ilk dəfə olaraq transmediativ yanaşma metodu tətbiq olunub, bütöv mətn, onun ayrı-ayrı hissələri, o cümlədən “boy”, ”soy”, ”yum” kimi janrların transmediativ informasiya vahidləri olduğu müəyyən edilib. Monoqrafiyada, həmçinin “Ğaib” dünya konseptinin oğuz mifoloji dünya modelinə o dünya ilə bu dünya arasında yerləşən və əsilzadə oğuz igidlərinin ölüm zamanı çatdıqda “qeyb-yox”, getdiyi aralıq məkan – liminal dünya olduğu aşkar edilib. Bundan əlavə, “Kitabi-Türkman lisani” oğuznaməsindəki soyların transmediativ strukturu və ritual-mifoloji semantikası geniş təhlil olunub. Kitabın redaktoru qeyd edib ki, S.Rzasoyun bu kitabının ümumi dəyərinə, konsepsiyasına, elmi doktrinlərinə gəlincə, haqqında sabit, dəyişməz bir fikir söyləmək çətindir. Çünki bu tədqiqat qorqudşünaslıqda, oğuzşünaslıqda dinamiklik yaradacaq, fikri hərəkətliliyə səbəb olacaq bir əsərdir. Kitabın yeniliklərini sadalamaqla qurtarmaq mümkün deyil. Ən azı o səbəbdən ki, hər bir elm adamının öz dəyərləndirmə sistemi var və bu kitab hər kəsin düşüncəsində fərqli mənalar doğuracaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.