REGİONLAR
“Dədə Qorqud yurdu – Naxçıvan” tarixi-coğrafi və etnoqrafik atlas”ın təqdimatı keçirilib
Naxçıvan, 24 aprel, AZƏRTAC
Naxçıvan ərazisində “Kitabi-Dədə Qorqud” dastanındakı çoxsaylı yer-yurd adları bu regionun qədim Oğuz yurdu, Azərbaycan torpağı olduğunu bir daha təsdiq edir.
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu fikirlər AMEA Naxçıvan Bölməsində “Dədə Qorqud yurdu – Naxçıvan” tarixi-coğrafi və etnoqrafik atlas”ın təqdimat mərasimində çıxış edən bölmənin sədri, akademik İsmayıl Hacıyev tərəfindən səsləndirilib.
Akademik vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 25 iyul tarixli Sərəncamı ilə “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin Naxçıvan Muxtar Respublikasında qeyd edilməsi ilə bağlı təsdiq edilən Tədbirlər Planı”na əsasən əhəmiyyətli tədbirlər həyata keçirilib. 2016-cı ildə bölmədə yaradılan işçi qrupu tərəfindən “Dədə Qorqud yurdu – Naxçıvan” tarixi-coğrafi və etnoqrafik atlas”ın hazırlanması da bu istiqamətdə görülən işlərin uğurlu davamıdır.
“Atlasda Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanlarının Naxçıvanla bağlılığı araşdırılıb, bu bölgə ilə bağlı adıçəkilən yer adlarının coğrafi xəritəsi verilib”, – deyən İsmayıl Hacıyev qeyd edib ki, atlas iki bölmədən ibarətdir. Birinci bölmədə tarixi-coğrafi, ikinci bölmədə isə etnoqrafik atlas əksini tapıb. Azərbaycan, ingilis və rus dillərində olan atlasa 51 tarixi-coğrafi söz, 239 ifadə və deyimi özündə əks etdirən xəritələr daxil edilib.
Tədbirdə bölmənin Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədov və Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Etnoqrafiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov çıxış edərək yeni nəşrin əhəmiyyətindən söz açıblar.