ELM VƏ TƏHSİL
“DeepL” tərcümə sahəsində dünyanın nəhəng şirkətlərini geridə qoyub
Bakı, 6 sentyabr, AZƏRTAC
“DeepL” şirkəti maşın tərcüməsi sahəsində “Google”, “Microsoft” və “Facebook” kimi nəhəngləri geridə qoyub. Proqram eyni vaxt ərzində əsas məna yükünü qoruyub saxlamaqla daha dəqiq tərcümə edə bilir. Avtomatlaşdırılmış tərcüməçinin sınaqlarını keçirən “Tech Crunch” jurnalistlərinin fikrincə, “DeepL” məsələnin öhdəsindən “Google Translate” və “Bing” ilə müqayisədə daha yaxşı gəlir. Məqalədə bildirilir ki, “Google Translate” daha çox bəzi nüans və idiomları nəzərə almayaraq hərfi tərcüməyə üstünlük verir. “DeepL” isə adətən peşəkar tərcüməçinin edə biləcəyi daha təbii tərcüməni təklif edir.
AZƏRTAC hightech.fm saytına istinadla xəbər verir ki, “DeepL”in sələfi olan “Linguee” layihəsinin müəllifi Cereon Fralinqdir. O, əvvəllər “Google Research”də işləyirdi. Fralinqin komandasında maşın tərcüməsi sahəsində çoxillik təcrübə mövcud idi. Yalnız bir il öncə bu komanda yeni sistemin üzərində ciddi işləməyə başlayıb.
Milyarddan çox tərcümə və sorğudan əldə edilmiş böyük məlumat bazası və şəbəkədə oxşar semantik elementlərin axtarışı metodu yeni modelin təlimi üçün əsaslı təməl olub. Proqramın hesablama gücünü isə İslandiyada yerləşdirilən, dünya reytinqində 23-cü yerə sahib olan superkompüter təmin edir.