CƏMİYYƏT
Dekabr ayına olan hava proqnozu
Bakı, 30 noyabr, AZƏRTAC
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, dekabrda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacaq.
Xidmətdən AZƏRTAC-a bildiriblər ki, Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 6-8° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1° yüksəkdir. Gecələr havanın temperaturunun 4-8° isti, bəzi günlərdə 0°-yə yaxın olacağı, gündüzlər 8-13°, bəzi günlərdə 4-6° isti olacağı ehtimalı var. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər normadan çox (norma 24-34 millimetr) olacağı ehtimal edilir.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 1-4° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1° yüksəkdir. Gecələr havanın temperaturu 3° şaxtadan 2°-dək isti, bəzi günlərdə 6-9°, dağlıq ərazilərdə 10-15° şaxta, gündüzlər 7-12°, bəzi günlərdə 0-5° isti olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 14-35 millimetr) olacağı bildirilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən, Gədəbəy rayonlarında orta aylıq temperaturun 0-3° isti olacağı ehtimalı var. Bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 2-7°, bəzi günlərdə 9-14° şaxta, gündüzlər 2-7° isti, bəzi günlərdə 1-4° şaxta olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 27-53 millimetr) gözlənilir.
Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 3-6° isti olacağı ehtimalı var. Bu da iqlim normasına yaxın və 1° yüksəkdir. Gecələr havanın temperaturunun 1-6° isti, bəzi günlərdə 3-8° şaxta, gündüzlər 7-12°, bəzi günlərdə 2-5° isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 13-32 millimetr) olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq temperatur 2-5° isti olacaq. Bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturunun 0-5° isti, bəzi günlərdə 3-8°, yüksək dağlıq ərazilərdə 13-18° şaxta, gündüzlər 5-10° isti, bəzi günlərdə 2° şaxtadan 3°-dək isti olacağı bildirilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər çox olacağı (norma 24-48 millimetr) proqnozlaşdırılır.
Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 5-8° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1° yüksəkdir. Gecələr havanın temperaturunun 2-7° isti, bəzi günlərdə 1-5° şaxta, gündüzlər 9-14°, bəzi günlərdə 4-7° isti olacağı ehtimal edilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər normadan çox olacağı (norma 19-32 millimetr) ehtimalı var.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 4-9° isti olacağı ehtimal edilir. Bu da iqlim normasına yaxın və 1° yüksəkdir. Gecələr havanın temperaturunun 4-8° isti, bəzi günlərdə 0-4°, dağlarda 6-10° şaxta, gündüzlər 7-12°, bəzi günlərdə 1-5° isti olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər normadan çox olacağı (norma 45-106 millimetr) gözlənilir.