İQTİSADİYYAT


Dekabrda Türkiyə Azərbaycandan 595 milyon kubmetr təbii qaz idxal edib

Bakı, 22 fevral, Nihad Budaqov, AZƏRTAC 

2017-ci ilin dekabrında Türkiyə Azərbaycandan 595,55 milyon kubmetr təbii qaz idxal edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) məlumat yayıb. Dekabrda Azərbaycandan qaz idxalının Türkiyənin ümumi idxalındakı payı isə 9,93 faiz olub.

2016-cı ilin yanvar ayında Türkiyə Azərbaycandan 594,51 milyon kubmetr təbii qaz idxal etmişdi.

Keçən il Türkiyə Azərbaycandan ümumilikdə 6 milyard 543 milyon kubmetr təbii qaz idxal edib. Bu göstərici 2016-cı illə müqayisədə təxminən 70 milyon kubmetrədək çoxdur.

Xatırladaq ki, 2016-cı ildə Türkiyə Azərbaycandan təxminən 6 milyard 474 milyon kubmetr təbii qaz idxal etmişdi. 2015-ci ildə isə Azərbaycan Türkiyəyə ümumilikdə 6 milyard 169 milyon kubmetr qaz göndərmişdi.

Qeyd edək ki, Türkiyə Azərbaycandan təbii qazı Cənubi Qafqaz Boru Kəməri (CQBK) (Bakı-Tbilisi-Ərzurum) ilə idxal edir. 2006-cı ilin sonlarında istismara verilən bu boru kəməri hazırda Azərbaycan, Gürcüstan və Türkiyəyə “Şahdəniz” qazını çatdırır. 2017-ci il ərzində CQBK-nin gündəlik orta ötürücülük gücü təqribən 20,5 milyon kubmetr qaz olub. Kəmərin iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operatoru, SOCAR isə CQBK-nın biznes icrası üzrə məsul kommersiya operatorudur.

Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları belədir: BP (operator – 28,8 faiz), “AzŞD” (10 faiz), “Cənub Qaz Dəhlizi Midstrim” (6,7 faiz), “Petronas” (15,5 faiz), “LUKOIL” (10 faiz), “NICO” (10 faiz), və “TPAO” (19 faiz).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.