İQTİSADİYYAT
Dekabrda www.icazeler.gov.az portalından 9800-dən çox istifadəçi yararlanıb
Bakı, 14 yanvar, AZƏRTAC
İcazəverici sənədlər və onların alınması prosedurları barədə ölkə vətəndaşlarının, eləcə də sahibkarların məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən yaradılmış www.icazeler.gov.az portalının xidmətlərindən ötən ilin dekabrında 9800-dən çox, indiyədək isə 325 mindən artıq internet istifadəçisi yararlanıb.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, ay ərzində portalın xidmətlərindən yerli istifadəçilərlə yanaşı, xarici ölkələrdən, o cümlədən ABŞ, Almaniya, Türkiyə, Özbəkistan və Hollandiyadan olan istifadəçilər də istifadə ediblər.
Məlumatda qeyd edilir ki, sahibkarların məlumatlılıq səviyyəsini artırmaq, qanunvericilik aktlarının hazırlanması prosesində onların yaxından iştirakını təmin etmək məqsədilə mərkəzi icra hakimiyyəti orqanlarının qanunvericilik aktlarının layihələri icazələrin elektron informasiya portalında yerləşdirilir. Dekabr ayında portalda İqtisadiyyat və Sənaye Nazirliyinin bir qanunvericilik aktının layihəsi, indiyədək isə 20 dövlət qurumunun 145 qanunvericilik aktının layihəsi ictimai müzakirə üçün icazələrin elektron informasiya portalında yerləşdirilib.