CƏMİYYƏT
Dekabrın 10-da Abşeron yarımadasında əsasən təmiz və oksigenlə zəngin havanın üstünlüyü gözlənilir
Bakı, 9 dekabr, AZƏRTAC
Ölkə ərazisində dekabrın 10-na gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə çiskinli olacağı, axşam isə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6°, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 767 millimetr civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi şərq rayonlarında yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3-7°, gündüz 9-13° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-6° isti olacağı ehtimal edilir.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, dekabrın 10-da Abşeron yarımadasında əsasən təmiz və oksigenlə zəngin havanın üstünlüyü gözlənilir ki, bu da meteohəssas insanlar üçün müsbət amildir.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi dağlıq ərazilərdə havanın yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, dağlıq ərazilərdə 6-8° şaxta, gündüz 5-10° isti olacağı proqnozlaşdırılır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-6° isti olacağı bildirilir.
Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3-7°, gündüz 8-12° isti olacağı ehtimal edilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi şərq rayonlarında havanın yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3-7°, gündüz 9-13° isti olacağı ehtimalı var.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağış yağacağı gözlənilir. Dağlarda duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-6°, gündüz 8-12° isti, dağlarda gecə 0-3° şaxta, gündüz 4-7° isti olacaq.