ELM VƏ TƏHSİL
Dekabrın 15-də Azərbaycan Gənc Alimlərinin birinci qurultayı keçiriləcək
Bakı, 11 oktyabr, AZƏRTAC
Dekabrın 15-də Azərbaycan Gənc Alimlərinin birinci qurultayı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə qərar Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin oktyabrın 11-də keçirilən növbəti iclasında qəbul olunub. Rəyasət Heyətinin qərarına əsasən qurultay AMEA, Təhsil, Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə keçiriləcək.
İclasda AMEA-nın prezidenti, akademik Akif Əlizadə gündəlikdəki məsələlər barədə məlumat verib.
Sonra AMEA-nın müxbir üzvü Tərlan Məmmədov “Yüksək stabil və funksional aktiv vaksinlərin, terapevtik zülalların və sənaye enzimlərinin bitki yarpaqlarında sintezini təmin edən yeni molekulyar biotexnologiya” mövzusunda məruzə ilə çıxış edib. Bildirilib ki, vaksinlərin, sənaye və insan fermentlərinin, təbii qida əlavələrinin DNT əsaslı texnologiyalar vasitəsilə yaradılması və istehsalının təşkili müasir dövrün ən mühüm problemlərindəndir. Hazırda tibb və sənaye əhəmiyyətli rekombinant zülalların istehsalı bir neçə ekspressiya sistemləri – bakteriya, maya göbələyi, həşərat, məməli heyvanlar və s. vasitəsilə həyata keçirilir.
Alim son illər bitki ekspressiya sistemlərinin iqtisadi və təhlükəsizlik baxımından perspektivli olduğu üçün istehsalda daha çox istifadə edildiyini deyib. T.Məmmədov müəyyən hallarda sistem belə tipli zülalların istehsalına uyğun olmadıqda problemin aradan qaldırılması üçün yeni hazırlanmış molekulyar biotexnologiyadan istifadə zərurətinin yarandığını və bu məqsədlə daha mükəmməl texnologiyanın hazırlandığını diqqətə çatdırıb.
Məruzə dinlənildikdən sonra Rəyasət Heyəti qərar qəbul edib. Biologiya və Tibb Elmləri Bölməsinə tapşırılıb ki, Azərbaycanda rekombinant zülalların, o cümlədən vaksinlərin, terapevtik zülalların, təbii qida əlavələrinin və sənaye enzimlərinin sintezi üzrə tədqiqatların aparılması imkanları müzakirə olunduqdan sonra Rəyasət Heyətinə əsaslandırılan arayış təqdim edilsin.
Rəyasət Heyəti akademik Əhliman Əmiraslanovun çoxillik elmi-təşkilati, pedaqoji və ictimai xidmətlərini nəzərə alaraq onun 70 illik yubileyinin keçirilməsi barədə qərar qəbul edib.
AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev elmi müəssisələrdə 2017-ci ildə aparılan elmi tədqiqat işlərinin yekunlarına dair hesabatlar barədə çıxış edib. R.Əliquliyev institutların elmi və elmi-təşkilati fəaliyyətləri haqqında hesabatlarının təlimata uyğun hazırlanmasına dair tövsiyələrini verib. Akademiyanın institut və təşkilatlarında, habelə nazirlik və digər dövlət qurumlarının tabeliyində olan elmi müəssisələrdə və ali məktəblərdə cari ildə aparılan tədqiqat işlərinin yekunlarına dair hesabatların vaxtında müzakirə və təsdiqini təmin etmək məqsədilə qərar qəbul edilib.
İclasda bir sıra elmi-təşkilati və kadr məsələlərinə də baxılıb.