İQTİSADİYYAT
Dekabrın 1-dən bəzi sərnişin qatarlarının marşrutunda dəyişikliklər ediləcəkdir VİDEO
Bakı, 19 noyabr (AZƏRTAC). Sərnişin daşımalarında iqtisadi səmərəliliyin artırılması, xərclərin azaldılması, sərnişinlərin rahatlığının təmin edilməsi və onlara göstərilən xidmətin səviyyəsinin daha da yaxşılaşdırılması məqsədilə sərnişin qatarlarının marşrutunda dəyişikliklər aparılacaqdır.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilmişdir ki, bu il dekabrın 1-dən 662-661 nömrəli Bakı-Qazax-Bakı sərnişin qatarı ləğv ediləcəkdir. Həmin vaxtdan etibarən 98-97 nömrəli Bakı-Ağstafa-Bakı sürət qatarının marşrutu Qazax stansiyasınadək uzaldılacaq və Bakı-Ağstafa-Qazax-Bakı sürət qatarı adlandırılacaqdır. Qatar 10 vaqondan ibarət olacaq və sərnişin axını çox olarsa, ona əlavə fakültativ vaqonlar qoşulacaqdır.
“Bakı-Ağstafa-Qazax-Bakı sürət qatarı” Bakı-sərnişin stansiyasından saat 22.05-də yola düşəcək və Qazaxa saat 09.40-da çatacaqdır. Qatar Qazaxdan 19.05-də yola düşəcək və Bakı-sərnişin stansiyasına saat 07.25-də çatacaqdır.
Eyni zamanda 38-37 nömrəli Bakı-Tbilisi-Bakı beynəlxalq sürət qatarında sərnişin sıxlığının artırılması məqsədilə Bakı-Böyük Kəsik-Bakı sahəsində bu qatar üçün xüsusi yerli tarif tətbiq ediləcəkdir.