REGİONLAR
Dekorativ-tətbiqi sənət müsabiqəsinin ikinci mərhələsi başa çatıb
Naxçıvan, 18 mart, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə keçirilən məktəblilərin təsviri və dekorativ-tətbiqi sənət müsabiqəsi davam edir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Naxçıvan Şəhər Təhsil Şöbəsinin əhatə etdiyi ümumtəhsil məktəbləri və Təhsil Nazirliyinə birbaşa tabe məktəb və məktəbdənkənar təhsil müəssisələrinin təsviri və dekorativ-tətbiqi sənət müsabiqəsinin II mərhələsi keçirilib.
Bu mərhələyə məktəbdaxili seçim mərhələsində fərqlənən 106 şagird 200-ə yaxın rəsm, toxuma, tikmə, mis üzərində döymə, ağac üzərində yandırma, oyma və digər əl işləri ilə qatılıb. İştirakçılar “Naxçıvan: dünən və bu gün”, “Naxçıvan abidələri”, “Müasir Naxçıvan”, “Muxtar respublikamızın füsunkar təbiətinin təsviri” və “Milli-mənəvi dəyərlərimiz və adət-ənənələrimizin təsviri” mövzularını təqdim ediblər.
Nümayiş olunan əl işləri münsiflər heyəti tərəfindən rəsmlərin mövzuya uyğunluğu, təkrarçılığın olmaması, yaradıcı iş, orjinallıq, keyfiyyət, aktuallıq, kompozisiyanın tamlığı və digər meyarlara görə qiymətləndirilib. Beləliklə, müsabiqədə təsviri və dekorativ-tətbiqi sənətin hər biri üzrə bir əl işi 1-ci, iki əl işi 2-ci, üç əl işi üçüncü, on yeddi əl işi isə həvəsləndirici yerə layiq görülüb. Bu mərhələdə yer tutan əl işləri müsabiqənin muxtar respublika mərhələsində iştirak edəcək.