ELM VƏ TƏHSİL
Dekorativ tətbiqi sənət və dizayn komissiyaları üzrə apellyasiyaya müraciət etmiş abituriyentlərin nəzərinə
Bakı, 7 iyul, AZƏRTAC
Dekorativ tətbiqi sənət komissiyası üzrə apellyasiyaya müraciət etmiş abituriyentlərin ərizələrinə iyulun 4-dən etibarən baxılmağa başlanılıb. Dizayn komissiyası üzrə müraciətlərə isə iyulun 6-18-də (iş günləri) baxılacaq.
Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, apellyasiya komissiyasına müraciət etməzdən əvvəl abituriyentlər imtahan nəticələri, “tapşırıq çəkilmiş rəsm vərəqi”nin fotosurəti, yerinə yetirilən tapşırıq üzrə qiymətləndirmə meyarları və qiymətləndirmə şkalası ilə tanış olmalıdırlar.
Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların əhəmiyyətli bir hissəsi qiymətin yenidən araşdırılması ilə bağlı komissiyaya müraciət etsələr də, ünsiyyət zamanı qiymətlərindən razı olduqlarını bildirir, sadəcə komissiya üzvlərindən bu və ya digər səbəblə əlaqədar onlara güzəşt etməyi xahiş edirlər. DİM abituriyentlərin nəzərinə çatdırır ki, bu tip müraciətlərə baxılmır. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apellyasiya təşkil olunmur. Apellyasiya müzakirəsində abituriyentin iştirakı vacibdir. Abituriyent ilə yanaşı valideynlərindən biri müzakirədə iştirak edə bilər.
Müraciətlərə “Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə baxılır. Bir namizədin müraciəti üzrə 10 dəqiqə müzakirə aparılması nəzərdə tutulub. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır. Namizədlərin görüş üçün təyin olunmuş vaxtdan 15 dəqiqə əvvəl proqrama qoşulması xahiş olunur. Görüşə qoşulmaqdan imtina edən namizədlər üçün ikinci dəfə komissiya yaradılması nəzərdə tutulmur.
Qeyd edək ki, apellyasiya prosesinin qaydalara uyğun təşkilinə dair daxili nəzarəti həyata keçirmək məqsədilə namizədlərin komissiya üzvləri ilə görüşünün videoyazısı aparılır.