CƏMİYYƏT


Dələduzluq etməkdə şübhəli bilinən vəzifəli şəxs barəsində həbs qətimkan tədbiri seçilib

Bakı, 25 sentyabr, AZƏRTAC

Vətəndaşların hüquqlarını pozmaqla korrupsiya hüquqpozmaları törədən vəzifəli şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilmələri istiqamətində prokurorluq orqanları tərəfindən məqsədyönlü tədbirlər fasiləsiz həyata keçirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, belə tədbirlərdən biri kimi, Azərbaycan Respublikası Auditorlar Palatasının Gəncə şəhər Auditor təşkilatının direktoru vəzifəsində işləmiş Məmmədov Natiq Həmid oğlunun qanunsuz əməlləri ilə əlaqədar vətəndaşın müraciəti əsasında aparılmış araşdırma nəticəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

İstintaq tədbirləri ilə Natiq Məmmədovun həmin vəzifədə işləyərkən 2012-ci ilin fevralında Azərbaycan Respublikası Müəllimlər İnstitutunun Qazax filialının maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması zamanı həmin müəssisənin inzibati binasında filialın direktorundan 400 min manat məbləğdə pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr yaranıb.

Bundan başqa, Natiq Məmmədovun həmin vəzifədə işləyərkən 2014-cü ilin mayında “Finca Azərbaycan” qeyri-bank kredit təşkilatına məxsus olan 15 min 600 manat məbləğdə pul vəsaitini ələ keçirərək dələduzluq etməsinə, rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsi yolu ilə vəzifə saxtakarlığı törədərək həmin sənədlərdən istifadə etməsinə əsaslı şübhələr yaranıb.

Bundan əlavə, Natiq Məmmədovun vətəndaşın FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin Gəncə şəhər şöbəsində və ya Yanğından Mühafizə Xidmətinin Göygöl rayon şöbəsində işlə təmin olunmasına kömək göstərilməsi müqabilində sonuncunu ümumilikdə ona 7000 manat məbləğində pul verməsinə təhrik edərək həmin şəxsdən 5000 manat miqdarda pul alaraq təkrarən dələduzluq etməsinə əsaslı şübhələr yaranıb.

Sentyabrın 24-də Natiq Məmmədova Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmə), 311.3.4-cü (rüşvət alma hədə-qorxu tətbiq olunmaqla törədildikdə), 313-cü (vəzifə saxtakarlığı) və başqa maddələri ilə ittiham elan edilib və Binəqədi Rayon Məhkəməsinin həmin gün çıxardığı qərarla barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirlərinin həyata keçirilməsi davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.