REGİONLAR
Dələduzluq yolu ilə 63 min manat mənimsəyən Quba sakini saxlanılıb VİDEO
Quba, 28 yanvar, Elxan Yusifli, AZƏRTAC
Quba Rayon Polis Şöbəsinin əməkdaşları vətəndaşların etibarından istifadə edərək dələduzluq yolu ilə onların pullarını mənimsəyən rayonun Zizik kənd sakini 48 yaşlı Məmməd Mustafayevi saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, ilkin dindirmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməllərini etiraf edib. Məlum olub ki, o, bir qadına rayon ərazisində torpaq sahəsi satacağı barədə yalan vədlər verərək, onun 30 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.
Məmməd Mustafayevin ətrafında aparılan tədbirlərlə onun digər cinayətlərinin üstü də açılıb. Belə ki, M.Mustafayev müxtəlif vaxtlarda daha üç rayon sakinini eyni yolla aldadaraq, onların, ümumilikdə, 33 min manat pulunu dələduzluq yolu ilə mənimsəyib.
Məmməd Mustafayevin digər analoji cinayətlərdə iştirakı da istisna deyil.
Əgər bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Quba Rayon Polis Şöbəsinə və ya şəhər telefonlarından 02333-5-35-11, 02333-5-43-02 nömrələri ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.