“Delta” ştamı İspaniyanın yay turizm mövsümünü təhlükə altına qoyur
AzerTAg.az

Madrid, 5 avqust, AZƏRTAC
İspaniya iqtisadiyyatının bərpası bilavasitə turizmin dirçəldilməsi ilə bağlıdır.
AZƏRTAC xəbər verir ki, “delta” ştamının yayılması bu il ölkədə ÜDM artımının təqribən 3,3 milyard avro azalması təhlükəsi yaradır.
Bu il İspaniyanın turizm sektorunun məqsədi yay aylarında 2019-cu ildəki səviyyənin 50 faizinə nail olmaq idi. Belə ki, milli turizm iki il əvvəlki rekordu bərpa edir. Lakin yenə də əsas diqqət xarici turizmə ayrılır ki, onun da bu sektorda əlavə edilmiş dəyəri milli turizmin təqdim etdiyindən həmişə yüksək olub. Bundan başqa, ənənəvi olaraq, beynəlxalq turizmin payına turistlərin ümumi sayının 69 faizi düşürdü, qalan hissə milli turizmin payına düşürdü. İndi vəziyyət dəyişib. İspaniyada turistlərin vur-tut 10-20 faizi əcnəbilərdir.
Turizm sektorunun məqsədlərinə və hökumətin proqnozlarına nail olmaqdan ötrü bu yay İspaniyaya təqribən 17 milyon turist gəlməlidir və onlardan gələn gəlir təqribən 21 milyard avro təşkil edə bilərdi.
“Delta” variantı ölüm hallarının əhəmiyyətli dərəcədə artımına gətirməsə də bəzi ölkələri məhdudiyyətlər tətbiq etməyə və ya İspaniyaya səyahət etməməyə çağırmağa məcbur edib. Bu, əcnəbi turistlərin, əsasən də britaniyalıların axınının azalmasına səbəb olub.
Bununla belə, ekspertlər bu il İspaniyada turizm sektorunda əhəmiyyətli artım olacağına əmindirlər. Koronavirus pandemiyasına baxmayaraq, üçüncü rübdə ÜDM-in təxminən 4 faiz artacağı gözlənilir. Otellər yay mövsümünün sentyabrdan sonra da uzanacağını planlaşdırırlar.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
Xəbərin mətnində orfoqrafik səhv var