CƏMİYYƏT


“Delta” və “delta plus” ştamlarının simptomlu xəstəliktörətmə qabiliyyəti daha yüksəkdir

Bakı, 23 iyul, AZƏRTAC

SARS-CoV-2 virusunun əvvəlki variantları uşaqları çox az yoluxdururdu. Uşaqlar, hətta yeniyetmələr və gənc yaşda olanlar yoluxduqda xəstəliyi ya asimptomatik, ya da yüngül simptomlarla keçirirdilər. Çox az sayda uşaq hospitalizasiya olunurdu. Bu da əvvəlki variantların uşaqlara çox az təsiri olmasından xəbər verirdi. Lakin “delta” və “delta plus” ştamları bir qədər fərqlidir. Yəni uşaqlara, yeniyetmələrə və gənclərə daha tez yoluxur. Əvvəlki ştamlarla müqayisədə simptomlu xəstəliktörətmə qabiliyyəti daha yüksəkdir. Azərbaycanda və dünyanın əksər ölkələrində vaksinasiyanın 18 yaşdan yuxarı şəxsləri əhatə etdiyini nəzərə alsaq, bununla da gənclərin tam qorunmuş olduğunu demək olar. Çünki bu günə qədər olan bütün tədqiqatlar, son iki həftədə açıqlanmış böyükmiqyaslı araşdırmaların nəticələri də bir daha sübut edir ki, birdozalı vaksinasiya insanı koronavirusa yoluxmadan müəyyən dərəcədə qoruyur. İkidozalı, yəni tam vaksinasiya isə həm hospitalizasiyadan, həm ağırlaşma və ölüm hallarından əhəmiyyətli dərəcədə qorumaya malikdir.

AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyi İctimai səhiyyə və islahatlar mərkəzinin şöbə müdiri Nabil Seyidov deyib.

Şöbə müdirinin sözlərinə görə, həm Ümumdünya Səhiyyə Təşkilatının ekspertləri, həm də yerli mütəxəssislər qeyd ediblər ki, vaksinasiya COVID-19-dan yoluxmadan qorumur. İnsan yoluxacaq, lakin vaksinasiya simptomlu ağır xəstəlikdən, xəstəxanaya yerləşdirməyi tələb edən ağır vəziyyətdən və ən vacibi ölümdən qoruyur: “Son üç ayda ABŞ-da “delta” virusu çox yayılıb. Oradakı xəstəxanalarda, xüsusilə Nyu-Yorkda böyük bir araşdırılma aparıldı. Məlum oldu ki, xəstəxanaya yerləşdirilən COVID-19 xəstələrinin 70 faizi vaksinasiya olunmamış şəxslərdir. Xəstəxanaya yerləşdirilənlərdən yalnız 25-30 faizi peyvəndin bir dozasını alıb. Onların arasında ən az hospitalizasiya olunanlar iki doza almış vətəndaşlardır. Bu, yenə də vaksinasiyanın əhəmiyyətinin və qoruyuculuq qabiliyyətinin təzahürüdür. Hazırda Azərbaycanda tətbiq olunan vaksinlər demək olar ki, eyni qoruyuculuq qabiliyyətinə malikdir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.