İQTİSADİYYAT
“DəmirBank” tələbələr üçün “Yay təcrübə proqramı” layihəsini reallaşdırır
Bakı, 5 iyun (AZƏRTAC). “DəmirBank” sosialyönümlü fəaliyyət planına uyğun olaraq 2014-cü ilin iyun, iyul və avqust ayları ərzində “Yay təcrübə proqramı” layihəsinə başlamışdır. Təcrübə proqramı namizədlərin seçiminə görə bir aydan üç ayadək davam edə bilər.
Bankdan AZƏRTAC-a bildirmişlər ki, namizədlər təcrübə keçmək istədikləri sahəni özləri seçəcəklər. Layihənin məqsədi ali məktəblərin bakalavr və magistr pilləsində təhsil alan, qiymətləri ilə fərqlənən xüsusi istedadlı tələbələrə karyera imkanları yaratmaqdır. “DəmirBank”ın insan resursları departamenti layihə çərçivəsində Azərbaycan Diplomatik Akademiyası, Bakı Dövlət Universiteti, İqtisad Universiteti, Xəzər və Qafqaz universitetləri, Neft Akademiyası və bir sıra digər ali məktəblərdə tələbələrlə görüşlər keçirmişdir.
İştirakçıların seçimi müsabiqə yolu ilə aparılır. Belə ki, təcrübə proqramına qatılmaq üçün indiyədək 300-dən artıq namizəd müraciət etmişdir. Aparılan testlər nəticəsində onlardan 54 nəfəri növbəti mərhələyə - müsahibələrə dəvət olunmuşlar.
Qeyd edək ki, “DəmirBank” təhsil sahəsinin maliyyələşdirilməsi ilə bağlı digər layihələr də reallaşdırır. Bankın dəstəyi ilə Azərbaycan Tələbələr Birliyi və IAESTE beynəlxalq təşkilatının birgə proqramı üzrə Çinin Siçuan Universitetinin tələbəsi Azərbaycanda, bir azərbaycanlı tələbə isə Çində iki aylıq təcrübə keçmişdir.