İQTİSADİYYAT
“DəmirBank” yeni yığım əmanətini təqdim edir
Bakı, 17 fevral (AZƏRTAC). “DəmirBank” əmanət çeşidlərini genişləndirmək məqsədi ilə müştərilərə yeni yığım əmanəti təqdim edir. İstənilən şəxs ən azı 10 AZN ilkin mədaxil edərək bank filiallarında əmanət hesabı aça bilər.
Bankdan AZƏRTAC-a bildirmişlər ki, maksimum 20 il müddətinə açılan hesaba əmanəti manat və ya ABŞ dolları ilə yerləşdirmək mümkündür. Əmanətin məbləğinə illik 5 faiz hesablanır.
Bu əmanət növü bir sıra üstünlüklərə malikdir: istənilən zaman əmanəti artırmaq, əmanət məbləğini cəriməsiz olaraq tam və ya qismən çıxarmaq, müştərilərin gələcək maliyyə durumunu sığortalamaq, üçüncü şəxsin adına hesab açmaq imkanı verir.
Əmanətin maksimum məbləği 10 min manat və ya ABŞ dollarıdır.
Hazırda “Əmanət çeşidi” proqramı üzrə əhaliyə münasib şərtlərlə 4 əmanət növü təklif edən “DəmirBank” Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. Bu, əhalinin bankda yerləşdirdiyi əmanətlərinin sığortalanmasını təmin edir.