“DəmirBank”a 42 milyon ABŞ dolları həcmində sindikatlaşdırılmış kredit ayrılıb
AzerTAg.az
Bakı, 1 sentyabr (AZƏRTAC). Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) özəl sektorun inkişafına dəstək vermək məqsədilə Azərbaycanın aparıcı özəl banklarından olan “DəmirBank”a 42 milyon ABŞ dolları həcmində sindikatlaşdırılmış kredit ayrılıb.
Bu vəsaitin 13 milyon ABŞ dolları AYİB tərəfindən ayrılmış, 29 milyon ABŞ dolları isə digər banklardan sindikatlaşdırılmışdır.
Bankdan AZƏRTAC-a bildirilib ki, ayrılmış kredit bank tərəfindən orta və kiçik sahibkarlığın uzunmüddətli maliyyələşdirilməsi məqsədilə verilib. Sindikatlaşdırılmış vəsaitlərin bir hissəsi üzrə müddət 5 il müəyyən olunub. Bu, özəl Azərbaycan bankına indiyədək ayrılmış ən uzunmüddətli investisiyadır.
“DəmirBank”a ayrılan iki böyük həcmli kreditlə bizim bu il ərzində Azərbaycana yatırdığımız sərmayələrin ümumi həcmi 255 milyon ABŞ dollarına çatıb. Bu məbləğ 2013-cü il ərzində yatırılan toplam sərmayələrin həcmindən daha çoxdur . Biz mikro, kiçik və orta sahibkarlıqdan başlamış iri infrastruktur layihələrinədək ölkə iqtisadiyyatının müxtəlif sahələrinə sərmayə yatırırıq və özəl sektorun gələcək inkişafını dəstəkləmək üçün “DəmirBank” ilə birgə əməkdaşlığımızdan məmnunuq”,- deyə AYİB-in Bakı ofisinin rəhbəri Nil MakKeyn bildirib.
Xəbərin mətnində orfoqrafik səhv var