ELM VƏ TƏHSİL
Dəmir borulara doldurulub ağzı qapanaraq dəhşətli ölümə məhkum edilən, od vurulub yandırılan uşaqların ah-naləsini nə tez unutdu Əkrəm Naibov?!
Ağsu, 20 fevral (AZƏRTAC). Əkrəm Naibovun “Daş yuxular “ yazısına qarşı kəskin etirazlar Ağsu rayonunda da səngimək bilmir. Hər cür dövlət qayğısı ilə əhatə olunan “yazıçı”nın ağlasığmaz əməli, erməni dəyirmanına su tökməsi xüsusilə ziyalıları bərk hiddətləndirmişdir. Bunu şəhər 3 nömrəli orta məktəbində bir araya gələn müəllimlərin ümumrayon toplantısı bir daha təsdiq etmişdir.
AZƏRTAC xəbər verir ki, məktəbin konfrans zalında toplaşan, rayon rəhbərlərinin də dəvət olunduqları toplantıda təhsil şöbəsinin müdiri Tahir Xası “Daş yuxular”da Azərbaycan xalqına qarşı söylənmiş təhqirlərlə, tariximizin saxtalaşdırılması ilə bağlı fikirlərini söyləmişdir. Natiq, eləcə də Yaşar Qarayev, Elman Qarayev, Şərqiyyə Həsənova, Sənan Nemətov və başqaları tarixi faktlara istinad edərək zaman-zaman ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı, torpaqlarımızın işğalı barədə ətraflı məlumat vermişlər. Ötən əsrin 90-cı illərinin əvvəllərində bir milyonadək azərbaycanlının doğma yurd-yuvalarından qovulduğu, torpaqlarımızın hələ də işğal altında olduğu bir vaxtda, Xocalı soyqırımı kimi dəhşətli hadisənin ildönümü ərəfəsində Əkrəm Naibovun “Daş yuxular”ı heç də normal təxəyyülün məhsulu deyildir. Bu yazı olsa-olsa onun öz xalqına qarşı xəyanətidir.
Müəllimlərin ümumrayon toplantısında “Daş yuxular”ın müzakirəsinin yekununda bəyanat qəbul edilmişdir. Həmin bəyanatdan bəzi sətirləri dərc edirik: “...Azərbaycan sənin vətənindirsə, onun hər bir ailəsini özününkü bilməlisən. Sevinci ilə yaşayıb, kədərinə şərik olmalısan. Bu, bineyi-qədimdən belə olub və damarlarında təmiz azərbaycanlı qanı axan insan üçün həmişə belə də olacaq... Dəmir borulara doldurulub ağzı qapanaraq dəhşətli ölümə məhkum edilən, diri-diri od vurulub yandırılan uşaqların ah-naləsini nə tez unutdun, Əkrəm Naibov?! Cəmi bir neçə saat ərzində 630 nəfər dinc azərbaycanlının, o cümlədən 63 uşağın, 106 qadının, 70 qocanın milli mənsubiyyətinə görə qəddarcasına öldürüldüyü Xocalı soyqırımını nə tez unutdun, Əkrəm Naibov?!... Unutma, Əkrəm! Millətinə dönük çıxanın, onun qınağına və nifrətinə tuş gələnin axırı yoxdur”.