İQTİSADİYYAT
Dəmir yollarının Ucar–Əlikənd mənzilində 9,5 kilometr dəmir yolu əsaslı təmir olunur
Bakı, 9 oktyabr, AZƏRTAC
Azərbaycan dəmir yollarının əsaslı təmir prosesinin növbəti mərhələsi həyata keçirilir. Belə ki, Bakı-Böyük Kəsik istiqamətində 600 kilometr dəmir yolu əsaslı təmir olunur.
“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu gün Ucar–Əlikənd mənzilində 9,5 kilometr uzunluğunda yolun əsaslı təmirinə başlanılıb.
Qeyd edək ki, əsaslı təmir işlərini 11 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. MMC-nin baş mühəndisi Şamil Cəfərovun sözlərinə görə, təmir işləri bir həftə davam edəcək.
Xatırladaq ki, 2015-ci il aprelin 14-də “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC ilə Çex Respublikasının “MORAVIA STEEL” şirkəti arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 kilometr hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb.
Yeni layihənin icrasına 2015-ci il oktyabrın sonlarında başlanılıb və bu günə kimi 360 kilometr dəmir yolu əsaslı təmir olunub.