İQTİSADİYYAT
Dəmir yolu işçiləri peşə bayramını qeyd edib
Bakı, 13 oktyabr, Elvin Camalov, AZƏRTAC
Oktyabrın 13-də “Azərbaycan Dəmir Yolları” QSC-də 13 oktyabr - Dəmir yolu işçilərinin peşə bayramı gününə həsr olunmuş təntənəli yığıncaq keçirilib.
AZƏRTAC xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov QSC-nin kollektivini Dəmir yolu işçilərinin peşə bayramı günü münasibətilə təbrik edib.
QSC sədri Azərbaycanda polad magistralında aparılan islahatlar, Bakı-Tbilisi-Qars və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşması prosesində görülən işlər barədə məlumat verib.
Bildirib ki, son vaxtlar dəmir yolunda aparılan islahatlar bu nəhəng arteriyanın yenilənməsinə, müasirləşməsinə, son nəticədə, yük daşımalarının, xüsusilə tranzit yük daşımalarının həcminin artırılmasına, yüklərin və sərnişinlərin mənzil başına təhlükəsiz şəraitdə çatdırlmasına, ölkə vətəndaşlarına göstərilən xidmətin səviyyəsinin daha da yüksəldilməsinə hesablanıb.
Sonra “Azərbaycan Dəmir Yolları” QSC-nin bir qrup əməkdaşının ali dövlət mükafatları ilə təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 12 oktyabr tarixində imzaladığı Sərəncamlar oxunub.
Bir qrup dəmiryolçuya yeni mənzillərin açarları, “Fəxri dəmiryolçu” döş nişanı və bayram hədiyyələri təqdim olunub.
Tədbir iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dəmiryolçuların müraciəti qəbul olunub.