İQTİSADİYYAT
Dəmir yolunda Dövlət Proqramının icrası ilə əlaqədar tədbirlər görülür
Bakı, 26 yanvar (AZƏRTAC). “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın icrası ilə əlaqədar ötən il “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən bir sıra tədbirlər həyata keçirilmişdir.
QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Saatlı-Becər mənzilinin 98-ci kilometrində Araz çayı üzərində yerləşən metal körpünün yenidən qurulması başa çatdırılmışdır.
Həmin dövrdə Saloğlu-Poylu mənzilinin 73-cü kilometrində, Kür çayı üzərində ikinci dəmir yolu körpüsünün tikintisi, Çarxı-Sərvan mənzilinin 2 min 508 –ci kilometrində yerləşən dəmir-beton körpünün yenidən qurulması layihələri üzrə işlər davam etdirilmişdir.
Osmanlı-Astara sahəsinin yenidən qurulması layihəsi üzrə texniki iqtisadi əsaslandırma hazırlanmış aidiyyatı üzrə təqdim olunmuşdur.