İQTİSADİYYAT
Dəmir yolunun Atbulaq-Ələt mənzilində 12 kilometr yol təmir edilir
Bakı, 22 avqust, AZƏRTAC
Avqustun 22-də dəmir yolunun Atbulaq-Ələt mənzilində 12 kilometr yolun əsaslı təmirinə başlanılıb.
“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, əsaslı təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. MMC-nin baş mühəndisi İsmayıl Sadıqovun sözlərinə görə, təmir işləri bir həftə davam edəcək.
Xatırladaq ki, 2015-ci il aprelin 14-də “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVIA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 kilometr hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb.
Yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 336 kilometr dəmir yolu əsaslı təmir olunub.