İQTİSADİYYAT
Dəmir yolunun Pirsaat-Hacıqabul mənzilində 3550 metr yol əsaslı təmir olunur
Bakı, 21 may (AZƏRTAC). Prezident İlham Əliyevin 2010-cu il 6 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı” uğurla yerinə yetirilir.
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Dövlət Proqramı çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində tədbirlər davam etdirilir.
Cari il mayın 21-də Pirsaat-Hacıqabul mənzilində 3 min 550 metr yolun əsaslı təmirinə başlanılmışdır. Təmir işləri beş gün davam edəcəkdir.
Əsaslı təmir işlərini “Azərbaycan Dəmir Yolları” QSC “Dəmiryolservis” MMC-nin müəssisələri və infrastruktur departamentinin müvafiq qurumları həyata keçirir.
“Dəmiryolservis” MMC-nin baş mühəndisi Əfsələddin Gəncəliyevin məlumatında bildirilir ki, artıq səhər saatlarında köhnə yolun söküntüsünə başlanılmış və 500 metr köhnə yol sökülmüşdür.
“Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 kilometr yolun əsaslı təmirinə 2011-ci il iyunun 10-da Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində başlanılmış, 2013-cü il dekabrın 10-da isə Ağstafa- Poylu mənzilində başa çatmışdır.
Əsaslı təmir olunmuş 317 kilometr yol 800 metrlik relslərlə (pletlərlə) əvəzlənmişdir.