İQTİSADİYYAT
Dəmir yolunun sərnişin təsərrüfatında qış mövsümünə hazırlıq işləri sürətləndirilir
Bakı, 29 sentyabr, AZƏRTAC
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində (QSC) “Təsərrüfatların qış mövsümünə hazırlığı barədə texniki tədbirlər” planına əsasən işlər həyata keçirilir.
QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirlər planına əsasən, Sərnişin Daşımaları Departamentinin kollektivi qış mövsümündə sərnişinlərin mənzil başına təhlükəsiz şəraitdə çatdırılmasını təmin etmək məqsədilə bütün qüvvələri səfərbər edib.
Vağzallarda, inzibati binalarda, təmir sexlərində dam örtüklərinə, qapı və pəncərələrə baxış keçirilir, istilik sistemləri yoxlanılır, ehtiyac olan yerlərdə təmir işləri aparılır.
Sərnişin təsərrüfatında çalışan işçilərin xüsusi geyim və ayaqqabı ilə təmin edilməsi həyata keçirilir.
Beynəlxalq istiqamətdə, ölkə daxilində hərəkət edən sərnişin qatarlarında, eləcə də elektrik qatarlarında istilik sistemlərinin vəziyyəti yoxlanılır, çatışmazlıqlar aradan qaldırılır.
Görülən işlər sərnişin qatarlarında xidmət mədəniyyəti səviyyəsinin daha da yüksəldilməsinə hesablanıb.