SİYASƏT


Dəmir yumruğun yaratdığı yeni reallıqlar

Bakı, 4 mart, AZƏRTAC

Ermənistanla Azərbaycan rəsmi sülh müqaviləsi bağlamayıb. Bizim aramızda diplomatik münasibətlər də yoxdur. Ayrı-ayrı beynəlxalq birliklərin bərabərhüquqlu üzvü olsaq da, öz aramızda birbaşa münasibətlər qurulmayıb. Bunun da tək səbəbi Ermənistanın bitib-tükənməyən siyasi, hərbi təxribatlarıdır. Təbii ki, tərəflər arasında sülhün təmin olunması üçün Ermənistan Azərbaycanın daxili işlərinə qarışmaqdan birmənalı şəkildə əl çəkməlidir. Ermənistan, əlbəttə ki, terroru dəstəkləyən dövlət modundan çıxmalıdır. Bu ölkə ehtiyacı olduğundan qat-qat artıq silahlanmadan imtina etməlidir. Ermənistan dövləti və cəmiyyəti var-qüvvəsini silahlanmaya, təxribatlara deyil, sülhə yönəltməlidir. Onun vəziyyətdən nicat və çıxış yolu budur. Bizim birgəyaşayış mədəniyyətimiz ermənilərə artıqlaması ilə yetər.

Azərbaycan Prezidentinin 26 fevralda – Xocalı soyqırımın 29-cu ildönümündə keçirdiyi mətbuat konfransında birgəyaşayış mövzusunda da suallar oldu və dövlətimizin başçısı xalqımızın xarakterinə, dövlətimizin ləyaqətinə uyğun cavablarla əsl mənzərəni dünya ictimai fikrinə bir daha çatdırdı.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib.

Q.Paşayeva deyib: “Biz o xalqıq ki, bəşəriyyətin ən dəhşətli qətliamı olan Xocalı soyqırımından sonrakı illərdə belə 30 min erməninin paytaxt Bakıda, eləcə də digər şəhər və rayonlarımızda qalıb yaşamasına imkan vermişik. Təsəvvür edin, işğalçı ölkənin müdafiə nazirinin bacısı hazırda Kürdəmirdə yaşayır. Ermənistanda əsir-girovlar xaric bir nəfər azərbaycanlının mövcudluğunu təsəvvür edə bilərsinizmi? Dünya erməniliyi, ilk növbədə, bizim torpaqlarda yaşamağa davam etməkdə qərarlı olan ermənilər birmənalı şəkildə bilməlidirlər ki, bundan sonra Azərbaycan və erməni xalqlarının birgə yaşaması ilə bağlı aydın təsəvvürlər var. Azərbaycanda minlərlə erməni yaşayır. Bizim erməni xalqı ilə birgə yaşamağımızın böyük tarixi var, həm Ermənistanda, həm Azərbaycanda, həm başqa ölkələrdə. Misal üçün, Gürcüstanda elə kəndlər var ki, orada azərbaycanlılar və ermənilər bir kənddə yaşayırlar. Biz əməkdaşlığa açıq olan ölkəyik və Azərbaycanda müxtəlif xalqların nümayəndələri əsrlərboyu bir ailə kimi yaşayırlar. Azərbaycanda heç vaxt dini, milli zəmində hər hansı qarşıdurma, anlaşılmazlıq olmayıb”.

Deputat bildirib ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Azərbaycanda fərqli dildə danışan insanların hər cür hüquq və imtiyazları mövcuddur. Onların təhsilə çıxışları təmin edilir. Davamlı sülh ümumbəşəri sosial-siyasi dəyər kimi erməni ictimai fikri tərəfindən idrak edilməlidir. Əks-təqdirdə nələrin olduğunu anlamaq üçün dahi olmağa ehtiyac yoxdur. Azərbaycanın məqsədi artıq üçtərəfli qaydada – Ermənistan və Rusiya ilə birlikdə kommunikasiyaların bərpası, Zəngəzur dəhlizinin yaradılması və nəqliyyat baxımından bütün maneələri aradan qaldırmaqdır. Bu, baş tutsa, Ermənistan da mənfəət əldə edəcək, onlar sülhün xeyrini görəcəklər.

Qənirə Paşayeva deyib ki, prioritet vəzifələrdən biri uzunmüddətli sülhün təmin edilməsi və müharibə risklərinin sıfra endirilməsidir. Müharibədən heç dörd ay keçməmiş artıq rəsmi şəxslər – Ermənistan və Azərbaycan rəsmi şəxsləri arasında təmaslar qurulur, görüşlər keçirilir, bəzən açıq formatda, bəzən qeyri-rəsmi formatda. Amma bu proses gedir və bu proses müsbət istiqamətdə gedir.

İndi Ermənistan çalxalanır. İqtidar-müxalifət qarşıdurması, ideoloji bürüncəkli siyasi-hərbi hərisliklər və s. uğursuz, məğlub dövləti sözün bütün mənalarında aclıqdan qurtarmağa qabil deyil. Ermənistan əhalisini dolandıra bilməyən hökumət, üstəlik, bir də bizim torpaqlarda yaşayan ermənilərinmi dolanışığını təmin edəcək? Digər yandan, Ermənistanın ehtiyaclarının Qarabağın təbii sərvətləri hesabına təmini dövrü bitib.

“İndi yeni reallıqlar mövcuddur”,- deyən komitə sədri vurğulayıb ki, Azərbaycanın dəmir yumruğunun yaratdığı yeni reallıqlarla hər kəs hesablaşmalı, barışmalıdır. Çıxış yolu budur. Çıxış yolu, qapanmaqda deyil, inteqrasiyadadır, kommunikasiyaların qurulması, açılması və işləməsindədir. İqtidarlı-müxalifətlə ermənilər bu sadə həqiqəti nə qədər tez anlasalar o qədər yaxşıdır: “Bu gün atılan addımlar gələcəyə xidmət etməlidir. Bu gün inteqrasiya barədə danışanda biz indi rusiyalı sülhməramlıların yerləşdiyi sahədə inteqrasiyanın istənilən formasına hazırıq. Bundan sonra da müxtəlif inteqrasiya variantları təklif oluna bilər. Xankəndinin və hazırda erməni əhalinin yaşadığı digər ərazilərin inteqrasiyası labüd prosesdir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.