CƏMİYYƏT


“Dəmir yumruq-Qarabağ müharibəsi 2020-ci il” adlı kitabın təqdimatı olub VİDEO

Bakı, 2 dekabr, AZƏRTAC

Dekabrın 2-də Bakı Dövlət Universitetində Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşkilatçılığı ilə tədqiqatçı-alim və jurnalist Əhməd Əbdo Tərabikin “Dəmir yumruq- Qarabağ müharibəsi 2020-ci il” adlı kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən BAMF Prezidenti Umud Mirzəyev bildirib ki, “Dəmir yumruq-Qarabağ müharibəsi 2020-ci il” kitabı təkcə ölkəmizin deyil, həm də İslam aləminin tarixində mühüm yer tutan 44 günlük müharibədə qəhrəmanlığı ilə bütün dünyanı heyrətə gətirən Azərbaycan əsgərinin salnaməsidir. Bu kitabın daha bir önəmli cəhəti odur ki, İkinci Qarabağ müharibəsi ilə bağlı çox vacib faktları özündə əks etdirən bir nəşrdir. Kitab 2 hissə və hər hissəsi 3 fəsildən ibarətdir. Tədqiqat əsərində əzəli torpaqlarının azadlığı uğrunda Azərbaycan xalqının apardığı savaşdan, Azərbaycan əsgərinin hazırlığı və onların dünyadakı nüfuzundan söhbət açılır. Azərbaycan Ordusunun gücü, əzmi nəticəsində Suqovuşan ərazisi, Cəbrayıl, Hadrut, Zəngilan və Şuşa kimi tarixi torpaqlarımızın işğaldan azad edilməsindən bəhs olunur. Kitabda tarixi Xudafərin körpüsündə Azərbaycan bayrağının sancılması və erməni hərbi qüvvələrinin mülki əhaliyə qarşı törətdiyi terrordan söhbət açılır. Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanan üçtərəfli Bəyanat, qələbə müjdəsi və ermənilərin uğursuz həmlələri barədə məlumat verilən kitabda, hətta Bakının mərkəzində salınmış “Hərbi qənimətlər” parkı ilə bağlı da informasiya var.

Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Milli Məclisin deputatı Ceyhun Məmmədov və başqaları bildiriblər ki, bu gün Azərbaycan postmünaqişə dövrünü yaşayır və bizim qarşımızda duran əsas məsələlərdən biri ermənilərin törətdikləri vəhşilikləri dünya ictimaiyyətinə çatdırmaqdır. Müharibə dövründə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu istiqamətdə müsahibələr verirdi. Bu kitabda mühüm məsələlərə toxunulub. Diqqətə çatdırılıb ki, müəllif kitabın son fəsillərində 44 günlük müharibənin bitməsindən sonra torpaqlarımızda aparılan islahatlar, inkişaf, sülh və təhlükəsizliyin bərqərar olması, işğal olunan ərazilərin minalaması haqqında geniş məlumat verir. Habelə, tədqiqat əsərində postmünaqişə dövründə regionun inkişafı, sülhün və təhlükəsizliyin bərqərar olunması, yeni transmilli nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsi istiqamətində Azərbaycanın səyləri fonunda gələcəyə nikbin baxış da yer alıb.

Daha sonra tədqiqatçı, alim və jurnalist Əhməd Əbdo Tərabikin qonaqlara videomüraciəti nümayiş olunub. Əsərin müəllifi diqqətə çatdırıb ki, təkcə Azərbaycanın deyil, həm də İslam aləminin tarixində mühüm yer tutan 44 günlük müharibədə Azərbaycan Ordusunun qəhrəmanlığı bütün dünyanı heyrətə gətirib. Bu möhtəşəm Zəfər siyasi təhlilçilərin əsas tədqiqat mövzusuna çevrilib. O qeyd edib ki, kitabda ərəbdilli oxuculara Ermənistanın dinc azərbaycanlı əhalini öz torpaqlarından didərgin salması, həmin şəhər, qəsəbə və kəndlərin adlarını dəyişdirməsi, işğal etdiyi əraziləri minalaması və digər vəhşiliklərin miqyası haqqında məlumat verilir. Həmçinin Ermənistanın 30 ilə yaxın işğalda saxladığı Qarabağ torpaqlarında törətdiyi cinayətlər, etnik təmizləmə siyasəti və qırğınlar, tarixi-dini abidləri dağıtması və məscidləri təhqir etməsi haqqında sənədlər və faktlar da yer alıb. Qəddar ermənilərin, hətta ölülərdən də qisas alaraq qəbirləri dağıtması kimi dəhşətli əməlləri sübutlarla əks olunub.

Təqdimat mərasimində ərəbdilli ölkələrin Azərbaycandakı səfirləri, politoloqlar, tanınmış şərqşünaslar və media nümayəndələri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.