REGİONLAR
“Dəmir yumruq” komandası siyəzənli yeniyetmələr arasında intellektual yarışın qalibi olub
Siyəzən, 22 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Siyəzəndə “Nizami Gəncəvi İli”nə həsr olunan yeniyetmələr arasında “Xəmsə” milli intellektual oyunu üzrə rayon çempionatının qalibləri müəyyənləşib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səkkiz komandanın mübarizə apardığı çempionatın qrup və final oyunlarının nəticəsinə əsasən “Dəmir yumruq” komandası birinci, “Tesla Mask” ikinci, “Zirvə” komandası isə üçüncü olub.
Siyəzən Rayon Gənclər və İdman İdarəsinin Təhsil Şöbəsi ilə birgə təşkil etdiyi intellektual yarışın keçirilməsində əsas məqsəd Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında” Sərəncamdan irəli gələn vəzifələrin icrasının təmin olunması, yeniyetmələrin dünyagörüşünün və intellektual potensialının artırılması, intellektual oyunların məktəblilər arasında təbliği, eləcə də yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkil olunmasıdır.
Yarışda yer tutan komandalar Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərmanlarla təltif ediliblər.