İQTİSADİYYAT
Dəmiryolçular Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı ərəfəsində öz peşə bayramlarını qeyd edirlər
Bakı, 13 oktyabr, Laçın Sultanova, AZƏRTAC
Bu gün Azərbaycan dəmiryolçuları öz peşə bayramlarını qeyd edirlər. Prezident İlham Əliyev 2005-ci il oktyabrın 7-də “Dəmiryol işçilərinin peşə bayramının təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Həmin Sərəncama görə, oktyabrın 13-ü – Müstəqil Azərbaycan dəmir yolunun yaradıldığı gün - hər il Azərbaycan dəmiryolçularının peşə bayramı kimi qeyd edilir. Bu peşə bayramı ərəfəsində Azərbaycan Respublikasının Prezidenti bir neçə sərəncam imzalayıb. Dəmir yol nəqliyyatının dörd işçisinə “Əməkdar mühəndis” fəxri adı verilib, Azərbaycan dəmir yolu nəqliyyatının bir qrup işçisi “Tərəqqi” medalı ilə təltif olunub, veteran dəmiryolçu Əli Məmmədova Azərbaycan Respublikasının Prezidentinin fərdi pensiyası təqdim edib.
Bu il Dəmiryolçular Günü çox mühüm hadisələr ərəfəsində qeyd edilir. Bütün region Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsini intizarla gözləyir. Yolun rəsmi açılış mərasimi oktyabrın 30-da Bakıda keçiriləcək. Noyabrın sonunda daha bir mühüm hadisə - Astara (Azərbaycan) – Astara (İran) yeni dəmir yolu ilə yük qatarlarının hərəkətinin açılışı olacaq.
Müstəqil Azərbaycan böyük uğurlar qazanıb, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən iqtisadi dəyişikliklər sayəsində respublika iqtisadiyyatı dinamik inkişaf edir. Heydər Əliyev ölkənin siyasi rəhbəri olduğu dövrdə respublikanın polad magistralı daim onun diqqət və qayğı obyekti olub. Onun rəhbərliyi ilə yaradılmış nəqliyyat infrastrukturu Prezident İlham Əliyev tərəfindən intensiv şəkildə inkişaf etdirilir və modernləşdirilir, ölkəmiz beynəlxalq və regional nəqliyyat dəhlizlərinin yaradılmasında fəal iştirak edir.
Azərbaycan Asiya ilə Avropanı birləşdirən körpüdür. Hazırda ölkənin nəqliyyat infrastrukturunun, o cümlədən dəmir yolunun möhkəmləndirilməsinə yönəlmiş bir neçə layihə həyata keçirilir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişafında nəqliyyat sektorunun roluna böyük ümidlər bəslənilir.
Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycanda həyata keçirilən əsas layihələrdən biridir. Bu yol 3 dövləti əlaqələndirməklə yanaşı, həm də onlarca xalq və ölkə üçün körpü olacaq. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsi məsələsi Azərbaycan, Gürcüstan və Türkiyə hökumətlərinin, habelə bu ölkələrin dəmir yollarının rəhbərlərinin diqqət mərkəzindədir. Bu yol üç ölkə arasında, həmçinin nəqliyyat dəhlizinin xidmətlərindən istifadə etməkdə marağı olan başqa ölkələrlə möhkəm nəqliyyat əlaqələrinin nizamlanması üçün böyük imkanlar yaradacaq. Azərbaycan bu nəqliyyat arteriyasına qoşulmaqla Çindən ta Avropa ölkələrinə qədər müxtəlif dövlətlərdən yükləri qəbul etmək və onlara yük göndərmək imkanı əldə edəcək. Proqnozlara görə, ilk mərhələdə bu dəmir yolu ilə hər il beş milyon tona qədər, gələcəkdə isə hər il 15 milyon tona qədər yük daşımaq mümkün olacaq.
Strateji əhəmiyyətli bir regionda – şimaldan cənuba və şərqdən qərbə doğru iki əsas beynəlxalq nəqliyyat dəhlizinin kəsişdiyi məkanda yerləşən Azərbaycan əsrlərboyu bu dəhlizlər arasında unikal körpü rolu oynayıb. “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin yaradılması üzrə intensiv iş aparılır. Proqnozlar göstərir ki, “Şimal-Cənub” dəhlizi tam gücü ilə işə düşdükdə Avropa ölkələrinin, Rusiyanın, Mərkəzi Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistan istiqamətində çıxışına şərait yaradacaq, Qara dəniz limanları ilə Xəzəryanı dövlətlərin ticarət münasibətlərinin intensivləşməsinə gətirib çıxaracaq. Bu dəhliz dəmiryol daşımalarını və müvafiq surətdə həm yerli, həm də tranzit marşrutlarla Avropa, Cənubi Asiya və yaxın Şərq arasında daşımalar hesabına dəmiryol nəqliyyatının gəlirlərini artırmağa imkan verəcək.
“Şimal-Cənub” beynəlxalq Nəqliyyat dəhlizinin yaradılması çərçivəsində Azərbaycan dəmir yollarını İran dəmir yolları şəbəkəsi ilə birləşdirmək üçün Astara (Azərbaycan) – Astara (İran) dəmir yol xətti çəkilib, Astaraçay çayı üzərindən uzunluğu 101 metr olan dəmir yol körpüsü tikilib. Hazırda Yalama-Astara dəmir yol sahəsində “Şimal-Cənub” dəmir yol nəqliyyat dəhlizi ilə ilk mərhələdə hər il beş milyon tona qədər yük daşımaq mümkündür. Proqnozlara görə, növbəti mərhələdə bu yüklərin həcminin 10-15 milyon tona qədər artacağı gözlənilir.
Xəzər dənizində ən iri liman olan yeni tikilmiş Bakı Beynəlxalq Dəniz Ticarət Limanı da Azərbaycan dəmir yolları ilə yükdaşımaların artırılmasına şərait yaradır. Bu liman Böyük İpək Yolu layihəsi çərçivəsində həyata keçirilən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun tərkib hissəsidir.
138 illik tarixə malik olan Azərbaycan dəmir yolları möhtəşəm bir inkişaf yolu keçib. Azərbaycanda dəmir yol tikintisinin birinci mərhələsi 1878-ci ildə başlanıb və 1880-ci il yanvarın 20-də uzunluğu cəmi 20 kilometr olan Bakı-Sabunçu-Suraxanı dəmiryolunun istifadəyə verilməsi ilə başa çatıb. O vaxtdan Azərbaycan Dəmir Yolları yükdaşımalara tələbatın artması nəzərə alınmaqla inkişaf etdirilmiş və təkmilləşdirilmişdir. Hazırda Azərbaycan Dəmir Yollarının ümumi uzunluğu 2910,1 kilometr, istismar edilən yolların uzunluğu 2079,3 kilometrdir. Bu yolların 802,3 kilometri ikikoleyalıdır.
Azərbaycanda ilk dəmir yolunun tikintisinin başlanması və onun sonrakı inkişafı neftin daşınması ilə birbaşa bağlıdır. Abşeronda neft mövcud olması ən qədim dövrlərdən məlumdur. Bakı nefti uzun müddət sistemsiz şəkildə çıxarılır və əsasən işıqlandırma üçün, həmçinin Azərbaycanın özündə, habelə Ön Asiya, Mərkəzi Asiya ölkələrində, Rusiyada və İranda müalicəvi məqsədlər üçün istifadə edilirdi.
1847-ci ildə ilk qazma quyusu, qazma metodu ilə neft hasilatının daha da inkişaf etdirilməsi, habelə XIX yüzilliyin 70-ci illərində otkup sisteminin ləğv edilməsi neft hasilatının kəskin artmasına şərait yaratdı, bu da öz növbəsində neftin daşınmasının təkmilləşdirilməsi məsələsi aktuallaşdırdı. Əsas neftçıxarma rayonlarından (Sabunçu, Suraxanı, Balaxanı) məhsulun Bakı neftayırma zavodlarına və Xəzər dənizi ilə Rusiya imperiyasının mərkəzi regionlarına daşınması taxta çəlləklərdən və tuluqlardan istifadə etməklə primitiv karvan üsulları ilə həyata keçirilir, belə çəllək və tuluqların sayı ildə ən çoxu on min vahid olurdu.
Baha başa gələn bu metod neft işinin sonrakı inkişafına mane olurdu. Neft istehsalçıları daha çox gəlir əldə etmək məqsədilə dəmiryol xətlərinin, habelə boru kəmərlərinin çəkilişinə ciddi maraq göstərməyə başladılar. Beləliklə, mübaliğəsiz deyə bilərik ki, Bakıda, sonra isə bütün Azərbaycanda dəmir yolların yaranmasının həqiqi səbəbi Bakı nefti və onun sənaye üsulu ilə istehsalı olub. Dəmir yolun çəkilişi 1878-ci ildə başlanıb və 1879-cu başa çatdırılıb. Həmin il dekabrın 17-də Balaxanı, Sabunçu və Suraxanı stansiyalarında yüklər daşınmaq üçün qəbul edilib. 1880-ci il yanvarın 20-də dəmir yolunun rəsmi açılışı olub. Dünyada ilk dəfə sisternlərdə neft məhz bu yol ilə daşınıb.