DÜNYA


Demokratlar beş müsəlman ölkəsinin vətəndaşlarının ABŞ-a gəlməsinə qadağanın ləğv olunması barədə qanun layihəsini Konqresə təqdim ediblər

Vaşinqton, 11 aprel, AZƏRTAC

Demokratlar ABŞ Konqresinə yeni qanun layihəsi təqdim ediblər. Bu layihəyə görə, İran, Liviya, Suriya, Somali və Yəmən vətəndaşlarının ABŞ-a gəlməsinə ABŞ administrasiyası tərəfindən qoyulmuş qadağa ləğv edilir.

AZƏRTAC xəbər verir ki, yeni qanun layihəsinin müəllifləri konqresmen xanım Cudi Çu və senator Kristofer Kunsdur. Onlar bildiriblər ki, bu qanun layihəsi həmin ölkələrin vətəndaşlarının ABŞ-a gəlməsinə qoyulmuş qadağanı ləğv etməklə bərabər, gələcəkdə prezidentlər tərəfindən dini və milli amillər əsasında bu cür qadağalar qoyulmasının qarşısını alacaq.

Konqresmen xanım Cudi Çu öz tvitter səhifəsində yazıb: “Prezident Trampın müsəlmanlara qarşı tətbiq etdiyi qadağa fanatizmə əsaslanan nifrət siyasətinin nəticəsidir”. Minnesota ştatından olan xanım konqresmen, müsəlman İlxan Omar da bu məsələyə laqeyd qalmayıb. O, qanun layihəsinin müəlliflərini dəstəklədiyini bəyan edərək bildirib ki, dini, irqi və ya milli mənşə səbəbindən heç kəsin əsas hüquqları məhdudlaşdırılmamalıdır.

Tramp administrasiyası həmin qadağanı tətbiq edərkən bildirmişdi ki, bu tədbir ABŞ-ın milli təhlükəsizlik mənafeləri üçün görülür və həmin müsəlman ölkələrində əhalinin dini baxışlarına deyil, siyasi vəziyyətin spesifikasına əsaslanır.

İmmiqrantlara münasibətdə milli zəmində ayrı-seçkiliyinə qarşı mübarizə barədə qanun layihəsi ayrı-ayrı ölkələrin sakinlərinin ABŞ-a gəlişinə Prezident Tramp tərəfindən qoyulmuş qadağanı ləğv edir, bu şəxslərin dini mənsubiyyəti əsas göstərilməklə onların ABŞ-a gəlişinə icazə verilməməsini qadağan edir, icra hakimiyyətinin gələcəkdə səfərlərə qadağa tətbiq etmək imkanlarını məhdudlaşdıraraq səlahiyyət bölgüsünü bərpa edir. Qanun layihəsi müəlliflərinin fikrincə, həmkarlarının kifayət qədər çox hissəsi, eləcə də yüzlərlə vətəndaş təşkilatı bu layihəni dəstəkləyəcək.

 

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.