Dendrologiya İnstitutunda Novruz şənliyi
AzerTAg.az
Bakı, 19 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dendrologiya İnstitutunda Novruz şənliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan xalqının milli mənəvi, maddi və mədəni dəyərlərinin gənc nəslə daha yaxından tanıdılması və təbliği məqsədilə təşkil olunan tədbirdə Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov insanların arzu və ümidlərini, niyyətlərini təcəssüm etdirən Novruz bayramı münasibətilə iştirakçıları təbrik edib, onlara xoş günlər arzulayıb. O, tarixi çox qədim olan Novruzun hər bir azərbaycanlı üçün əziz bayram olduğunu bildirib.
Daha sonra institutun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tünzalə Zeyvəliyeva bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı münasibətilə iştirakçıları təbrik edib. O, çıxışında Novruzu xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və bütün dövrlərdə həmişə əziz tutduğu bayram kimi səciyyələndirib.
Tədbirdə baharın təravətli nəfəsini özü ilə gətirən Novruz bayramına aid səhnəciklər göstərilib. Milli musiqinin sədaları altında hazırlanan çıxışlar, Novruz personajları Keçəl və Kosanın məzəli oyunları iştirakçıların marağına səbəb olub.



Xəbərin mətnində orfoqrafik səhv var