ELM VƏ TƏHSİL
Dendrologiya İnstitutunda ekologiya və biologiyanın tədrisi əyləncəli məşğələlər əsasında təşkil edilib
Bakı, 7 iyun, AZƏRTAC
Dünyanın bir çox ölkələrində biologiya və ekologiyanın tədrisi məqsədilə botanika bağlarına, dendrarilərə səyahətlərin təşkili əyləncəli-metodik layihələr əsasında həyata keçirilir.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dendrologiya İnstitutunda belə layihələrin həyata keçirilməsi istiqamətində geniş işlər aparılır. İnstitutun elmi işçisi Pərvin Şıxəliyeva tərəfindən ekologiya və biologiyanın tədrisinin əyləncəli məşğələlər əsasında keçirilməsi təşkil edilib.
Dendrologiya İnstitutundan AZƏRTAC-a bildirilib ki, bu da bağa gələn səyahətçilərin artması, uşaqlarda ekoloji mədəniyyətin formalaşması baxımından böyük əhəmiyyət daşıyır. Bu cür layihələr şagirdlərdə praktik bacarıqların daha yaхşı inkişaf etməsinə, onların nəzəri biliklərinin artmasına səbəb olur.
Təcrübələr göstərir ki, dendroloji parkda tətbiq edilən belə layihələr respublikamızda uşaq və gənclərin təbiət fənlərini öyrənməsinə motivasiya edir, onlarda təbiətin mühafizəsinə görə məsuliyyət hisslərini formalaşdırmağa yardım edir.
Dendroloji parkda səyahətlərin təşkilində ekologiya və biologiya fənləri üzrə keçirilən məşğələlərin əsas məqsədi – uşaq və gənclərin özlərini təbiətin bir hissəsi kimi dərk etməsi, yerdə bütün canlıların birliyini, varlığının qorunub saxlanılması istiqamətində biliklərin artmasına yönəldilib. Belə əyləncəli-metodik layihələrin təşkili onu deməyə əsas verir ki, təbiət haqqında bilikləri elmi dildə çatdırmaq bəzən dərsdə səmərəsiz nəticələr verir, lakin Dendrologiya İnstitutu tərəfindən təşkil edilən əyləncəli məşğələlər gənc səyahətçilərin təbiətə marağının artmasına səbəb olur.
Səyahətlərin təşkilində əsas məqsədi müasir metodlarla ekologiya və biologiya elminin təhsil proqramlarının mahiyyətini, canlı və cansız təbiətin komponentləri arasında səbəb-nəticə əlaqələrini araşdırıb müəyyən etməkdir. Eyni zamanda, insanların təsərrüfat fəaliyyətinə dağıdıcı təsirinin qarşısını almasında uşaq və gənclərin düzgün təbiətdən istifadə qaydalarına riayət etməsidir. Dendroloji parkda məşğələlərin mədəni-kütləvi tədbirlər əsasında keçirilməsi iştirakçılarla yanaşı, səyahətə gələn geniş insan kütləsi üçün də çox maraqlı təəssürat yaratmaqla onları layihədə iştirak etməyə vadar edir. Dendroloji parkın təbiət gözəlliyi, burada olan müxtəlif kompozisiyalar, layihələrin təşkilində əsas element olmaqla ətraf mühitlə qarşılıqlı əlaqədə estetik hislərin inkişafına yol açır. Təbiət qoynunda təşkil olunan belə dərnək məşğələləri zamanı uşaqların təmiz havada olması, həm də onların sağlamlığının möhkəmlənməsinə kömək edir.