ELM VƏ TƏHSİL
Dendrologiya İnstitutunun Saray təcrübə sahəsində iməcilik təşkil olunub


Bakı, 6 iyun, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun Abşeron rayonu Saray təcrübə sahəsində iməcilik təşkil olunub.
AZƏRTAC xəbər verir ki, institutun baş direktoru vəzifəsini icra edən, biologiya üzrə fəlsəfə doktoru, dosent Minarə Həsənova burada aparılan elmi-təcrübə işlərinin gedişatı və müxtəlif bitkilərin qiymətli kolleksiyaları ilə tanış olub.
Alim sahənin elmi potensialının gücləndirilməsi istiqamətində, eləcə də gələcəkdə həyata keçiriləcək işlər haqqında məlumat verib. Bildirib ki, Saray təcrübə sahəsinin 7 hektarında əkilmiş 50 mindən çox ağac və kol, 15 min ədəd rozmarin bitkisinin əraziyə uyğun boy dinamikası və bitkilərin yerli şəraitə uyğunlaşma dərəcəsi təhlil edilib. Həmçinin kənd təsərrüfatı əhəmiyyətli məhsuldar bitkilərin keyfiyyətli sortlarının seçilməsi məqsədilə Saray təcrübə sahəsində 5 mindən çox dərman bitkisi əkilib. Təcrübə sahəsində biomüxtəlifliyin bərpası, mühafizəsi, səmərəli istifadəsi, iqlim dəyişkənliyinin biomüxtəlifliyə, populyasiyalara və növdaxili dəyişkənliyə təsiri istiqamətinə uyğun elmi-tədqiqat işləri aparılır.
Təcrübə sahəsindən daha səmərəli istifadə olunması ilə bağlı müzakirələr aparılıb, müvafiq göstərişlər verilib.