DÜNYA
Denis Şmıqal: Ukrayna-Türkiyə iqtisadi əməkdaşlığı heç bir sərhəd tanımır



Kiyev, 30 mart, AZƏRTAC
Ukraynanın Baş naziri Denis Şmıqal martın 30-da Ukraynada fəaliyyət göstərən türk iş adamları ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Denis Şmıqal çıxışında Ukrayna-Türkiyə iqtisadi əməkdaşlığının heç bir sərhəd tanımadığını qeyd edib. Bildirib ki, iki ölkə arasında ticarət dövriyyəsi artmaqda davam edir. İqtisadiyyatın bütün sahələrində birgə layihələr həyata keçirilir. Ukrayna və Türkiyənin məqsədi illik ticarət dövriyyəsini 10 milyard dollara çatdırmaqdır.
Ukraynalı nazirlərin və Baş nazirin müavininin də qatıldığı görüşdə Türkiyə şirkətlərinin həyata keçirəcəyi layihələr, qarşıda duran vəzifələr, yaranan problemlər müzakirə edilib.
Qeyd edək ki, Denis Şmıqal keçən ilin noyabrında Türkiyəyə rəsmi səfəri zamanı bu ölkənin iş adamları ilə görüşmüşdü.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev