İQTİSADİYYAT
Dəniz Akademiyasında tələbələrin yay istehsalat təcrübəsi başlayıb
Bakı, 2 iyul, AZƏRTAC
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələrinin yay istehsalat təcrübəsi başlayıb.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, ilkin mərhələdə “Dəniz naviqasiyası mühəndisliyi”, “Gəmi energetik qurğularının istismarı mühəndisliyi”, “Elektrik mühəndisliyi” və “Elektrik və elektronika mühəndisliyi” ixtisasının tələbələri təcrübədə olacaqlar.
Hər il olduğu kimi, 2021-ci ildə də tələbələr əsasən ASCO-nun Dəniz Nəqliyyatı Donanması və Xəzər Dəniz Neft Donanmasının gəmilərində, eləcə də “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu və “Bibiheybət” Gəmi Təmiri Zavodunda təcrübə keçəcəklər. Bir qrup tələbə isə ölkədə fəaliyyət göstərən digər gəmiçilik şirkətlərində təcrübədə olacaqlar.
“Gəmiqayırma və gəmi təmiri mühəndisliyi” ixtisasının tələbələrinin təcrübələri iyulun 6-dan başlayacaq. Bu ixtisasda təhsil alan 46 tələbə Bakı Gəmiqayırma Zavodunda təcrübə keçəcək.
Yay istehsalat təcrübəsinin əsas məqsədi tələbələrin ilboyu keçdikləri fənlərin nəzəri əsaslarının təcrübədən alınan biliklərlə zənginləşdirilməsinə şərait yaratmaqdır.
Qeyd edək ki, istehsalat təcrübəsinin sonunda tələbələrin əldə etdikləri təcrübi bilikləri qiymətləndirilir və təcrübələrin nəticələri haqqında hesabatlar tərtib olunur.