ORDU
“Dəniz kuboku-2017” müsabiqəsinin iştirakçıları arasında mini futbol yarışı təşkil olunub
Bakı, 10 avqust, AZƏRTAC
“Dəniz kuboku-2017” müsabiqəsində iştirak edən Azərbaycan Hərbi Dəniz Qüvvələrinin “G-124” gözətçi gəmisi, Rusiya Hərbi Dəniz Donanmasının “Qrad Sviyajsk” kiçik raket gəmisi, İran Hərbi Dəniz Qüvvələrinin “Cövşən” raket kateri və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin “Sarıarka” raket-artilleriya gəmisinin ekipajları mini futbol üzrə yoldaşlıq görüşlərində güclərini sınayıblar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Dənizkənarı Milli Parkdakı idman meydançasında təşkil olunan oyunlar olimpiya sistemi üzrə keçirilib.
Azərbaycan və İran komandaları arasında keçirilən görüşdə meydan sahibləri 6-3 hesabı ilə qalib gəliblər.
Rusiya və Qazaxıstan komandaları arasında keçirilən görüşdə isə Rusiya dənizçiləri 3:2 hesabı ilə uğur qazanıb.
Gərgin final oyununda Azərbaycan dənizçiləri Rusiya komandasına 8-5 hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər.
Üçüncü yer uğrunda keçirilən görüşdə isə İran dənizçiləri Qazaxıstan komandasını 5:2 hesabı ilə məğlub ediblər.
Sonda komandalara medallar, fəxri fərmanlar, hədiyyələr və kuboklar təqdim olunub.