ELM VƏ TƏHSİL
“Dəniz nəqliyyatının inkişafı” mövzusunda elmi konfrans işə başlayıb
Bakı, 20 aprel, AZƏRTAC
Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən “Dəniz nəqliyyatının inkişafı” mövzusunda tələbə, magistr və gənc tədqiqatçıların elmi konfransı öz işinə başlayıb.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, daha savadlı, yüksəkixtisaslı və dünyagörüşlü gənc nəslin yetişdirilməsinə xidmət edən belə konfranslar tələbələri elmi yaradıcılığa həvəsləndirmək, öz fikirlərini sərbəst və aydın ifadə etmək təcrübəsinə yiyələnmək baxımından çox faydalıdır.
ADDA-nın elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru, professor Zahid Şərifov Ulu Öndərin dəniz nəqliyyatı sahəsinə göstərdiyi xüsusi diqqət və qayğıdan söz açıb, Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi və SSRİ-nin ali rəhbərliyində çalışdığı illəri gəmiçiliyin sürətli inkişafı dövrü kimi səciyyələndirib.
Tədris işləri üzrə prorektor, professor Faiq Nağıyev məruzəsində belə tədbirlərin gənclər üçün elm və təhsilin gələcəyinə açılan qapı olduğunu vurğulayıb. Ulu Öndərin gəmiçiliyə verdiyi böyük töhfələrdən bəhs edən akademiya rektorunun müşaviri, dosent Vüqar Sadıqov dəniz nəqliyyatı ilə bağlı siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Konfransda akademiyanın əlaçı tələbəsi Mahmud Süleymanlının “Azərbaycan gəncliyinin Heydər Əliyev dövrü” adlı məruzəsi də dinlənilib.
Daha sonra elmi konfrans işini bölmələr üzrə davam etdirib və 6 bölmədə 100-ə yaxın məruzə dinlənilib.
Konfrans işini aprelin 21-də yekunlaşdıracaq. Hər bölmədə ilk üç yeri tutan qaliblər müvafiq diplomlarla təltif olunacaq. Birinci yerə çıxan tələbələr isə diplomlarla yanaşı, müvafiq fənlərdən imtahan qabağı 50 balla mükafatlandırılacaq.